XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının işğalı altında olmasına baxmayaraq, bir qrup maarrifpərvər və vətənsevər ziyalımız elm və mədəniyyətin inkişafı üçün çalışırdı. "Üsuli-cədid tərəfdarları" və ya qısaca "cədidçilər" adlanan bu ziyalılar yenilik tərəfdarı olmaları ilə seçilirdilər və onların ardıcıl fəaliyyəti güclü bir hərəkata çevrilmişdi.
Bu hərəkatın nümayəndələrindən biri Mirzə Hüseyn Əfəndi Qayıbzadə idi. O, Qori Müəllimlər Seminariyasının ilk ərəb və fars dili müəllimi idi. Mirzə Hüseyn Əfəndi müsəlman mədrəsəsində təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə "Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitlərinin müəllifi idi.
Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi.
Fitrətən istedadlı olan, yaxşı təhsil görmüş, mülayim xasiyyətli Nigar xanım ailə səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadətə tam mənası ilə nail oldum".
Nigar xanım Şıxlinskaya rus, ərəb, fars, fransız dillərini mükəmməl bilirdi. 1912-ci ilin yayında Çarskoye Seloya gələn fransız generalı Dezavye onun danışığına valeh olmuşdu. General Dezavye soruşanda ki, neçə il Parisdə yaşamısınız, o, gülümsünüb cavab vermişdi ki, heç vaxt Rusiyadan kənara çıxmayıb. Ona təşəkkür edən general Dezavye demişdi: "Öz gözəl, təmiz fransızca danışığınıza görə məni heyrətə gətirdiniz, madam".
Nigar xanımın qardaşı Bahadır Qayıbov 1946-cı ildə akademik Heydər Hüseynova yazdığı məktubunda bunları qeyd edirdi: "Rəhmətlik Nigar bacı atamdan daha çox şey əxz etmişdi. O, nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami və başqalarını oxumuş, həmçinin bütün Azərbaycan şairlərini - Xaqani, Nizami, Füzuli, Vaqif və başqalarını mütaliə etmiş, ərəb dilini öyrənmişdi və ərəb ədəbiyyatı ilə də tanış idi. Heyf ki, siz onunla tanış deyildiniz - o, həqiqətən rus dili bir yana bizim və fars ədəbiyyatının bilicisi idi".
Birinci Dünya Müharibəsi başlananda zabit arvadlarının yaralı əsgərlərə yardım göstərmələri üçün Qırmızı Xaç Cəmiyyəti təşkil edilir. Nigar xanım həmin cəmiyyətin sədri seçilir və onun rəhbərlik etdiyi xəstəxana Qırmızı xaç xəstəxanaları arasında ən yaxşısı hesab olunurdu. General Əliağa Şıxlinski özü bu barədə yazırdı: "...Arvadım həmişə xəstəxanada olurdu. Komitənin sədrliyindən başqa, əsgərlər üçün evlərinə həm rusca, həm də kazan tatarlarının, kazakların və başqalarının dillərində məktub yazırdı. Əsgərlər onu "mamaşa" deyə çağırırdılar; tez-tez bu xəstəxanaya getdiyimdən mənə də "papaşa" deyirdilər".
Nigar xanım müharibə illərində xəstəxanadakı fəaliyyəti ilə kifayətlənmir, böyük vətənpərvərlik hissi ilə dolu olan məqalələr yazaraq çap etdirirdi. 1914-cü ildə "Russkiy invalid" qəzetinin 4 avqust nömrəsində çap olunmuş məqaləsində o, döyüşçü qadınlarını mübariz olmağa çağırırdı. Yazırdı ki, "Əksər hallarda, zabitin döyüşən orduya təyin olunması haqda çağırış gələrkən onun ailəsindəki qadınlar ağlaşmağa, ümidsizliyə qapılmağa başlayırlar, qorxurlar ki, onların əzizi müharibədə həlak ola bilər. Zənnimcə, bu məsələnin düzgün açıqlanmamasından irəli gəlir. Hər bir mömin qadın əmin olmalıdır ki, yeri-göyü yaradan ulu Tanrı nə vaxt lazım bilsə, istəkli kişisi də məhz o vaxt ölməlidir. Əgər bəndəsinin məhz bu il ölməsi Tanrının meylindən keçərsə, həmin bəndə müharibədə iştirak etmədən də o dünyalıq olar, yəni ömrünü sizlərə bağışlayar. Belə olduqda evdə ölməkdənsə, hər bir igid hərbçinin arzuladığı kimi, döyüş meydanında şəhid olmağı daha yaxşı deyilmi!? Biz yaxın kimsələrimizi "Hara gedirsən, hara? Sənsiz vay günüm qara..." deyə-deyə uğurlamamalıyıq: biz təmkinlə xeyir-dua verməli, ona təlqin etməliyik ki, o özünün əvəzinə ailədə, ocaqda zəif, aciz məxluq deyil, ruhən güclü, təhlükənin gözünə düz baxmağı bacaran sadiq, sevən dost qoyub gedir".
Nigar xanım həm də Azərbaycan qadınlarının azadlığı və təhsili üçün çalışırdı. O,hələ inqilabdan əvvəl Tiflisdə təşkil olunmuş "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti"nə ömürlük üzv seçilmişdi. Çıxışlarında hökuməti müharibədə ailə başçısını itirənlərə yardım verib, təqaüd kəsməyə çağırırdı. 1921-ci ildə Nigar xanım "Yeni fikir" qəzetində Azərbaycan ədəbiyyatına dair sanballı bir məqalə ilə çıxış etmiş, dilin saflığını korlayan çağdaş qələm sahiblərini tənqid atəşinə tutmuşdu. "Axır vaxtarda çox yazır və söyləyirlər ki, molla dili, kitab dili ilə yazmaq lazım deyil; yazı "el, camaat diliycə" yazılmalıdır ki, "hamı onu qansın". Belə sözləri oxuyanda, eşidəndə adam fikir edir ki, kişi doğru deyir, camaat dili ilə yazılsa, hamı başa düşər. Amma bu deyən kişinin dediyini yerinə yetirmək çox çətin işdir. Camaat dili ilə demək asandır. Hamının məlumudur ki, Azərbaycan camaatı növbənöv şivədə danışır: Şəki, Şirvan, Gəncə... hər biri bir başqa şivədə, El dili ilə yazmaq istəyən hansı şivə ilə yazmalıdır? Məsələn: "bayır" desin, yoxsa "eşik", "külək" desin, yoxsa "yel", "necə" desin, yoxsa "hancarı", "nöşün" desin, yoxsa "niyə", "ana" desin, yoxsa "cici", "dəgil" desin, yoxsa "dögü", "deyil", "döyül"... Bu camaatın hansının şivəsində yazılsa, o birinin xoşuna gəlməyəcəkdir. Demək ki, həmişə və hər yerdə camaat söylədiyi dildə yazmaq olmaz. Hər millətin və camaatın növbənöv şivəsi vardır, amma ədəbi dili birdir. Yazan özü hər nə şivədə danışsa da, yazdığını ədəbi dildə yazır".
Nigar xanım Şıxlinskaya zəngin klassik ədəbiyyatımızı, mədəni irsimizi qoruyub saxlamağı gənc nəslə tövsiyə edir, ədəbiyyatımızı, dilimizi yad ləhcələrdən təmizləməyin doğru-dürüst yolunu göstərirdi. O, 1923-cü ildə "Proletar mədəniyyəti" şüarı altında klassik irsimizə xor baxan, Nizami Gəncəvinin farsca yazmasına görə milliyyətini şübhə altına alanları ciddi tənqid edir, onları savadsız adlandırırdı. O, Nizaminin azərbaycanlı olmasını yazan ilk tədqiqatçılardan biri idi. Nigar xanım 1923-cü ildə "Yeni fikir" qezetinin 9 oktyabr nömrəsində dərc etdirdiyi "Azərbaycan ədəbiyyatına dair" irihəcmli elmi məqaləsində ədəbi problemlərə toxunurdu. "Farsca yazmaq adət olubdur və bu hal uzun müddət davam edibdir. İran ilə həmsərhəd və bir vaxt İrana tabe olan Azərbaycanda, hətta İrandan çox uzaqda olan Krımda və Türkiyədə dəxi şairlərin farsca yazılmış əsərləri az deyil. Zənn olunmasın ki, türk dili vüsətin deyil, elə fikir var ki, onu demək üçün farscada bir tək söz olduğu halda türkcədə iki-üç söz var ki, bir mənada olub və hər biri bir başqa dərəcəni göstərir: məsələn: ağlamaq - sıtqamaq, içinmək, sınqarmaq... Yuxarıda dediyimizdən məlum olur ki, Şeyx Nizaminin farsca yazmağı türkcəyə məhəl qoymamaq deyil, zəmanəyə tabe olmağındandır. Keçmişdə ədiblərimiz və şairlərimiz çox olubdur. Onların əsərlərinin barəsində ətraflı, müfəssəl yazmalı olsaq, neçə cild kitab yazmaq lazımdır".
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra general Əliağa Şıxlinski Nigar xanımla bərabər Bakıya qayıdır. Ordu quruculuğunda general böyük xidmət göstərir.
Əliağa Şıxlinski və Nigar xanım Sovet hökuməti qurulduqdan sonra da vətənə sədaqətli xidmətlərini davam etdirirlər. Övladları olmasa da, bir-birinə qarşı göstərdikləri dəstək və sevgiylə digərlərinə bir nümunə olurlar.
Nigar xanım 1931-ci ilin 15 avqustunda Bakıda dünyasını dəyişir. Onun ölümü Əliağa Şıxlinskiyə çox ağır təsir edir. O, öz xatirələrində Nigar xanımın ölümü barədə yazır: "1931-ci il avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu. Mənim hər şeyim - həm səadətim, həm də səhhətim onunla getdi". Nigar xanımdan sonra Əliağa Şıxlinski 13 il tənha ömür sürür: "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın" - deyən general öz vəsiyyətnaməsində xanımı ilə bərabər dəfn olunmasını və qəbrinin üzərində heç bir tarix qoyulmamasını istəyir". Qəbirdaşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtüb, üstünə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil".
1948-ci il noyabrın 28-də dünyadan köçən dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not yazısı qalıb. Üzeyir bəy general Əliağa Şıxlinskinin altıbəndlik "Mənim" şeirinin iki bəndinə romans yazıbmış. Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını Əliağa Şıxlinski qaynar ilhamla tərənnüm edirdi:
Ey sevdiyim, ey dilruba,
Səbrim, qərarımsan mənim.
Səd mərhəba, səd mərhəba,
Nə türfə yarımsan mənim.
Görən səni, ey nazənin,
Deyər: pəh-pəh, səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!
Gözəl zahirdə surətin
Gözəl batin təbiətin.
Gözəl hər işdə qeyrətin,
Namusum, arımsan mənim.
Günay HEYDƏRLİ,
525-ci qəzet.- 2015.- 13 mart.- S.6