Hamiləlik dövründə İİV infeksiyası

Hamiləlik dövründə İİV infeksiyası

Hamiləlik dövründə İİV infeksiyası

İnsanın immunçatışmazlıq virusu (İİV) retrovirus olub, CD4 T hüceyrələrini yoluxdurmaqla qazanılmış İİV-i törədir və immunçatışmazlıq sindromu (QİÇS) ilə nəticələnir. İİV infeksiyası olan qadınlarda hamiləliyi çətinləşdirən amil təkcə İİV-in özü olmayıb, həm də onunla əlaqədar tibbi və psixososial pozğunluqları əhatə edir. Hamiləlik zamanı İİV infeksiyası ananın immun sağlamlığı üçün təhlükə təşkil edir və İİV-in bətndaxili, doğuş zamanı və ya postnatal dövrdə südvermə vasitəsilə körpəyə yoluxmasına səbəb ola bilər.

Bütün hamilə qadınlarda hamiləlik dövründə mümkün qədər tez İİV-in müayinəsi aparılmalıdır. Yüksəkriskli xəstələrdə üçüncü trimestrdə, insidentlik və prevalentliyin yüksək olduğu əhali qruplarında və skrininq nəticələrinə görə müsbət nəticə sayı 1000 xəstəyə 1-dən artıq təşkil edən tibb mərkəzlərində skrininq tövsiyə olunur.

İİV-in müayinəsində İİV-1/İİV-2 antigen/anticisim kombinasiyasını yoxlayan immun sınağa üstünlük verilir. Qan və ya ağız suyu materialının laborator şəraitdə və ya ekspres sınaqla müayinəsi şəklində aparıla bilər. Əgər immunoloji sınaqda müsbət reaksiya alınarsa, İİV-1/İİV-2 anticisim differensiasiyaedici immun reaksiya vasitəsilə nəticə təsdiq olunmalıdır.

Mənfi nəticə diaqnozu inkar etmir, belə ki, anticisim reaksiyalarında yeni keçirilmiş infeksiyanı inkar etmək mümkün deyil. Yoluxmadan 6 həftə sonra təkrar müayinənin aparılması tövsiyə olunur.

İİV-in anadan uşağa ötürülməsinin (AUÖ) qarşısını almaq üçün hamiləlik zamanı mümkün qədər tez kombinəolunmuş antiretroviral terapiyaya (kART) başlanılmalı, yaxud da artıq bu terapiya aparılırsa, davam etdirilməlidir.

İİV RNT-sinin miqdarı >1000 nüsxə/ml təşkil edən qadınlarda, eləcə də, virus yükü məlum olmayanlarda AUÖ-nin qarşısının alınması məqsədilə hestasiyanın 38-ci həftəsində zidovudinlə profilaktika aparmaqla (AZT, ZDV) planlı qeysəriyyə əməliyyatının icrası tövsiyə olunur.

Zəngin resurslara malik yerlərdə ana südü vasitəsilə AUÖ riski mövcud olduğuna görə südvermə tövsiyə edilmir. Süni qidalandırma mümkün olmayan hallarda anada kART aparılmaqla, 12 ayınadək müstəsna ana südüvermə tövsiyə olunur.

Etiologiya

İnsanın immunçatışmazlıq virusları iki ümumi qrupa ayırd edilə bilərlər: İİV-1 və İİV-2 virusları – bunların hər ikisi QİÇS törədir. İİV-1-ə yoluxma CD4 tipli T hüceyrələrin sayının proqressiv olaraq azalması və virus yükünün artması, nəticədə isə QİÇS-in kliniki olaraq təzahür edən formasının inkişaf etməsi ilə səciyyələnir. İnfeksiyanın mərhələsi xəstədə T hüceyrələrin CD4 növünün miqdarının ölçülməsi və bununla korrelyasiya edən kliniki əlamətlərin, məsələn, QİÇS-i təyin edən pozğunluqların aşkar olunmasına əsasən müəyyən olunur. İİV-2 infeksiyası daha ləng gedişlidir və əsasən qərbi Afrika ərazilərində məhdudlaşır. 

İİV qan və qan məhsulları, cinsi əlaqə və anadan dölə olmaqla, şaquli yolla ötürülür. Yoluxma bioloji mayelərdə virusun yüksək konsentrasiyada olması və bu mayelərlə təmasın təbiəti və müddəti ilə korrelyasiya edir. Qadınların mühüm əksəriyyəti İİV-ə heteroseksual yolla yoluxur. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (XNPM) məlumatlarına əsasən qadınlar arasında yeni xəstəlik hallarının 84%-i əks cinslə cinsi əlaqə nəticəsində meydana çıxır. Anadan dölə yoluxma bətndaxili dövrdə, doğuş zamanı və postnatal olaraq südvermə yolu ilə baş verir. Müdaxilə edilməzsə və antiretroviral dərman preparatları təyin olunmazsa, perinatal yoluxma hallarının sayı 15-45% təşkil edir.

Kliniki qiymətləndirmə

İİV-in antenatal dövrdə universal skrininqi tövsiyə olunur, belə ki, anamnez və risk faktorlarına əsaslanan skrininq zamanı müsbət hallar nəzərdən qaça bilər. Risk faktorlarına istinad edən skrininqə aiddir:

  •  Anamnezdə keçmişdə və ya hazırda inyeksion narkotik vasitələrin istifadəsinin olması
  •  Anamnezdə keçmişdə və ya hazırda cinsi yolla ötürülən infeksiyaların olması
  •  Anamnezdə cinsi partnyorların sayının birdən artıq olması.

İİV-in müsbət olduğu bütün hamilə qadınlarda təfsilatlı anamnez yığılmalı və hərtərəfli fiziki müayinə aparılmalıdır. Tibbi anamnezin toplanması zamanı opportunist infeksiyalar və ya QİÇS-i təyin edən xəstəliklər, vərəm, cinsi yolla ötürülən infeksiyalar, dərman preparatlarının qəbulu, peyvənd və immunizasiya statusu, ruhi xəstəliklər və narkotik vasitələrdən sui-istifadəyə diqqət yetirilməlidir. Qadınlarda opportunist infeksiyanın, məsələn, vərəmin göstəricisi kimi hərarət və çəkinin itirilməsinə nəzarət edilməlidir. Yoluxma baş verdikdən 2-4 həftə sonra xəstədə kəskin retroviral sindromun hərarət, əzginlik, limfadenopatiya və səpgi (tipik olaraq, üzərinə təzyiq etdikdə rəngi ağaran makulo-papulyoz səpgi şəklində meydana çıxır) ilə səciyyələnən əlamətləri təzahür edə bilər. Bu qadınlarda ilkin nəticələrdən asılı olmayaraq, İİV təkrar yoxlanılmalıdır. Həmçinin, yüksək prevalentlik müşahidə edilən əhali qruplarında və hamiləlik zamanı İİV-ə yoluxma üzrə risk faktorlarına malik qadınlarda hamiləliyin üçüncü trimestrində təkrar analiz tövsiyə olunur. 

Diaqnostika

Skrininq məqsədilə İİV-1 və İİV-2 anticisimlərini, həmçinin, İİV-1 p24 antigenini aşkar edən dördüncü nəsil ELISA müayinəsinın tətbiqi tövsiyə olunur, belə ki, bu üsul, üçüncü nəsil müayinə vasitələri ilə müqayisədə İİV-i daha erkən aşkarlayır. Əgər ELISA skrininqinin nəticəsi müsbətdirsə, diaqnozun qoyulması üçün İİV-1/İİV-2 differensiasiyaedici immun sınağın (və ya əgər bu sınağı aparmaq mümkün deyilsə, Qərbi blot və ya immunoflüoressent sınaq) aparılması tələb olunur. 

İİV anticisimləri yoluxmuş şəxslərin ən azı 95%-də kəskin infeksiyadan 6-12 həftə sonra aşkar olunur. Nadir hallarda virusu aşkar etmək üçün 6 ayadək vaxt tələb oluna bilər. Mənfi anticisim sınağı, adətən, xəstəliyin mövcud olmadığını göstərsə də, yeni keçirilmiş infeksiyanı inkar edə bilmir. Mümkün yoluxma hadisəsindən 6 həftə sonra təkrar müayinə tövsiyə edilir.

Antenatal laborator müayinələrin tərkibində könüllü skrininq (yəni, xəstənin imtina etdiyi hallar istisna olmaqla, İİV-in standart müayinəsi) tövsiyə olunur. Daha əvvəl İİV müayinəsinin nəticəsi mənfi olduğuna görə təkrar müayinədən imtina edən qadınlara hamiləlik zamanı təkrar İİV müayinəsinin vacibliyi bildirilməlidir. İİV-ə yoluxma riski yüksək olan qadınlarda hamiləliyin üçüncü trimestrində (hestasiyanın 36 həftəsindən əvvəl) təkrar müayinənin aparılması tövsiyə edilir. İİV statusu məlum olmayan qadınlarda doğuş zamanı İİV-in ekspres analizi aparılmalıdır. Əgər ekspres müayinənin nəticəsi müsbət olarsa, təsdiqləyici müayinənin nəticəsini gözləmədən antiretroviral profilaktikaya başlamaq tövsiyə edilir.

İİV-ə yoluxmuş körpədə diaqnozun qoyulması

İİV-ə yoluxmuş körpədə infeksiyanın baş verib-vermədiyi yoxlanılmalı və əgər infeksiya baş vermişdirsə, müvafiq ixtisaslaşmış yardım göstərilməlidir. Yoluxmuş körpədə İİV-in diaqnostikasının standartına həyatın ilk 48 saatı ərzində, 1-2 aydan və 3-6 aydan sonra İİV DNT-si (daha çox üstünlük verilir) və ya RNT-sinin PZR müayinəsi aiddir. Ana südü ilə qidalandırılmayan körpələrdə ≥1 aylığında 2 və ya daha artıq müayinənin, ≥4 aylığında isə bunlardan birinin aparılması və nəticənin mənfi olması əsasında İİV inkar oluna bilər. İİV IgG anticisim sınaqları yoluxmuş körpədə, adətən, 18 aylığınadək müsbət olur, çünki belə körpələrə transplasentar yolla anadan anticisimlər ötürülür. 6 aylığından sonra ən azı bir aylıq intervalla aparılan iki müayinənin mənfi nəticəsi də kliniki infeksiya əlamətləri olmayan körpədə infeksiyanın inkar edilməsinə imkan verir. Daha yeni İİV ELISA üsulları vasitəsilə körpədə 18 aylığından sonra da anadan ötürülən İİV anticisimlərini aşkar etmək mümkündür. Ona görə də, əgər İİV DNT-sinin PZR müayinəsinin nəticəsi təkrar-təkrar mənfi olarsa və 18 aylığından sonra anticisim sınağının nəticəsi hələ də müsbətdirsə, ixtisaslaşmış mütəxəssisin rəyi alınmalıdır.

Diaqnostikada virusoloji analiz olan İİV DNT-sinin PZR analizinə üstünlük verilir, belə ki, bu sınağın həyatın 14 gününədək olan dövründə həssaslığı 93% təşkil edir. İİV RNT-sinin PZR analizinə dair məlumatlar nisbətən məhduddur, lakin belə görünür ki, yoluxmuş körpədə İİV infeksiyası diaqnozunun qoyulmasında həssaslığı İİV DNT-sinin PZR üsulu ilə aşkarlanması metodu ilə müqayisə olunandır. İİV-in əkilməsi erkən diaqnostikada həssas, lakin mürəkkəb və bahalı üsuldur və nəticələri gec əldə olunur.

Bu müayinə üsullarının tətbiqi ilə infeksiya baş vermiş körpələrin təxminən 40%-ni həyatın ilk 48 saatı ərzində təyin etmək mümkündür və onlarda infeksiya bətndaxili dövrdə və ya erkən baş vermiş sayılır. Körpədə həyatın ilk həftəsi ərzində ilkin müayinə nəticəsi mənfi, sonrakı müayinələrin nəticəsi isə müsbət olduqda, hesab edilir ki, infeksiya doğuş zamanı baş vermişdir. Demək olar ki, infeksiya baş vermiş körpələrin hamısında həyatın 4-6 aylığınadək diaqnoz qoymaq mümkün olur.

Perinatal profilaktika məqsədi ilə zidovudin monoterapiyasının İİV-in aşkar olunmasını ləngitdiyi və ya virusoloji müayinələrin həssaslığını/proqnostik dəyərini azaltdığı müşahidə edilməmişdir. Lakin anada daha intensiv kombinəolunmuş antiretroviral terapiyanın aparılması zamanı bu müayinələrin effektivliyi araşdırılmamışdır. İİV-ə yoluxmuş körpədə kART aparılması İİV DNT-sinin PZR üsulu ilə müayinəsi əsasında İİV diaqnozunun qoyulmasını ləngidə bilər.

Müalicə

İİV infeksiyası olan, kombinəolunmuş antiretroviral terapiya (kART) aparılan qadınlarda potensial teratogenlik təhlükəsi yoxdursa, hazırkı təyinat davam etdirilməlidir. Hamiləliyin ilk dövrlərində həkim-infeksionistlə konsultasiya qətiyyətlə tövsiyə olunur. Anada İİV infeksiyasının müalicəsinin optimallaşdırılması ananın sağlamlıq vəziyyətini yaxşılaşdırır və anadan dölə ötürülmənin (ADÖ) qarşısını almağa imkan verir.

İİV-ə görə seromüsbət olan bütün hamilə qadınlarda CD4 hüceyrələrinin sayı və ya virusun yükündən (konsentrasiyasından) asılı olmayaraq, infeksiyanın şaquli yolla ötürülməsinin qarşısının alınması məqsədi ilə kART-a başlanılmalıdır. İİV-1-ə yoluxmuş hamilə qadınlarda İİV-1 RNT-sinin konsentrasiyası >1000 nüsxə/ml təşkil edərsə və ya naməlum olarsa, hestasiyanın 38-ci həftəsində qeysəriyyə əməliyyatı tövsiyə edilir. 

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?