Azərbaycanda daha iki nəfərin qarayara xəstəliyinə yoluxduğu təsdiqlənib. İyunun 7-də Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.
Digər iki şəxsdən isə qarayara şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də qarayara xəstəliyi diaqnozu təsdiqlənib.
Bəs bu xəstəliyin təhlükə arealı nə qədərdir? Sözügedən xəstəlik əvvəllər ölkəmizdə hökm sürübmü?
Mövzunu Globalinfo.az-a şərh edən İnfeksionist həkim Nilufər Məmmədova qeyd edib ki, qarayara Azərbaycanda əvvəllər də olub:
“Bu xəstəlik heyvanlardan insanlara keçir. İnsandan-insana keçməsi çox nadir hallarda olur. Qarayaranın müxtəlif formaları var. Dəri, mədə-bağırsaq, ağciyər və s. Sadaladığımız formaların hər birinin yoluxma yolları və simptomları bir-birindən fərqlidir.
Hazırda Azərbaycanda görülən qarayaranın dəri formasıdır. Sibir yarası yeni xəstəlik deyil, daim olub. Müalicəyə gəldikdə xəstəliyin laborator diaqnostikası aparılmalıdır. Son dövrlər qarayaranın diaqnostikası və qeydiyyat məsələləri artdığı üçün biz daha çox xəbərdar olmuşuq ki, yoluxma halları var. Halbuki əvvəllər də bu xəstəlik mövcud idi. Bu virusun dəri forması tədricən inkişaf edir. Bakteriyanın orqanizmə daxil olduğu hissədə qaşınma, dərinin bərkiməsi, qalınlaşma müşahidə edilə bilər. Sibir yarasında əvvəlcə maye, daha sonra isə hemoragik suluxlanma ilə müşahidə edilir. Nəticə etibarilə suluxlanma deşilərək yaraya çevrilir. Dərinin üzəri qara qartmaqla örtülür. Bu qartmağın rəngi getdikcə qaralır.
Qarayaranın müalicəsi vaxtında başlamalıdır. Bu xəstəliklə bağlı peyvəndləmə var. Amma hər insana peyvənd vurulmur. Risk qrupunda olan insanlara peyvənd mütləqdir. Müalicə əsasən, antibiotiklərlə və digər üsullar ilə aparılır”.
Əliyar Xəlil
Globalinfo.az