Son 30-50 ildə müşahidə olunan qlobal istiləşmə torpağın alt təbəqəsində donmuş halda olan buzların– permafrostun əriməsinə səbəb olmağa başlayıb. Bu buzluqların içərisində olan radioaktiv və kimyəvi tullantılar kimi, uzun illər boyu donmuş halda saxlanılan mikroorqanizmlər də insanlar üçün çox böyük təhlükə daşıyır.Alimlər 48 min 500 il ərzində torpaqda donmuş vəziyyətdə qalan virusların iqlim dəyişikliyinin yaratdığı ərimə nəticəsində yenidən ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edirlər. Onlara “zombi virusu” adı verilib, çünki onlar yenidən “həyata qayıdıblar”.
Xüsusiyyətləri tam bilinməyən bu viruslar insanlar arasında yayılarsa dünya yeni bir pandemiya təhlükəsi ilə üz-üzə qala bilər.
Araşdırmalar nəticəsində 27 min illik permafrost nümunəsində nəhəng bir virus növü – Pithovirus Sibericum tapılmışdır. Bu virus amöbləri yoluxduran DNT tərkibli Pandoraviridae ailəsindəndir. Ölçüsü demək olar ki bakteriyalar qədər böyükdür və standart mikroskoplardan istifadə etməklə asanlıqla görünür. Alimlər virusu Pithovirus Sibericum adlandırdılar, çünki onun forması "pithos" adlanan qədim yunan şərab qablarına bənzəyir. Bu araşdırma onu göstərir ki, donmuş halda qalan bu viruslar hələ də yoluxduruculuq və patogenlik xüsusiyyətlərini qoruyub saxlaya bilir.
Xoşbəxtlikdən, bu zombi virusunun yaratdığı əsas təhlükə amöb populyasiyası üçün görünür. Bununla belə, elm adamları digər böyük virusları - "mikrobları təqlid edən" virus və ya Mimivirusu da kəşf ediblər. Bu virusların patologiyası hələ məlum olmasa da, insanlarda nəhəng viruslara qarşı anticisimlər aşkar edilib - bu o deməkdir ki, bu viruslar bizim üçün patogen ola bilər.
Tədqiqatçılar qeyd edir ki, donmuş təbəqənin əriməsi zamanı hələ elmə məlum olmayan digər virusların ortaya çıxma ehtimalı var. Bu virusların ultrabənövşəyi şüa, oksigen və istilik kimi xarici mühit şərtlərinə məruz qaldıqda nə qədər yoluxucu olacağını təxmin etmək hələ mümkün deyil.
Bu virusların genetik materialı qeyri-adidir, bu da elm üçün yeni kəşf imkanları deməkdir. Amma buzlaqların altında daha hansı mikroorqanizmlərin gizləndiyini və onun bəşəriyyət üçün nəticələrini zaman göstərəcək.