İnfeksionist ilk növbədə ölkədə koronavirusun sürətlə artma səbəbindən söz açıb: “Payız-qış aylarında hər il müxtəlif virus mənşəli xəstəliklərin yayılmasında artım müşahidə edirik. O cümlədən qrip və ”soyuqdəymə" dediyimiz viruslar bu mövsümdə özləri üçün uyğun şərait tapıb, insanlar arasında kütləvi yoluxmalara səbəb olurlar. Bu viruslar üçün uyğun şərait ətraf mühitin temperaturunun aşağı enməsi, qapalı məkanlarda yaxın məsafədə təmas, orqanizmin vitamin depolarının tükənməsi və sairə ola bilər. COVİD-19-da hər nə qədər mövsümi gediş müşahidə etməsək də, payız-qış aylarında artım olacağını təxmin edirdik. Təbii ki, bu artım qoruyucu tədbirləri gözardı etdiyimiz üçün də sürətləndi”.
Nilufər Məmmədova qeyd edib ki, qrip əleyhinə vaksinasiya qripin ağırlaşma riski olan şəxslər üçün və bu şəxslərə qulluq edən tibb personalı və ya birlikdə yaşayanlar üçün məsləhət olunur: “Qripin ağırlaşmasına görə risk qrupuna 65 yaşdan yuxarı şəxslər, 5 yaşdan kiçik uşaqlar, istənilən yaşda xroniki xəstəliyi olanlar, həmçinin onkoloji xəstələr, astma, diabet xəstələri, hamilə qadınlar və s. daxil edilir. Bu vaksinasiyanın olunmasında məqsəd risk qrupuna daxil olan şəxslərdə qripin ağırlaşmasının və ölümün qarşısını almaqdır. Belə ki, vaksinasiya olunduqda xəstəliyi daha yüngül gedişlə müşahidə olunur”.
Bəs mövsümü soyuqdəymə xəstəlikləri ilə koronavirusu necə ayırd edək? İnfeksionist həkim Nilufər Məmmədova sualımızı bu cür cavablandırdı: “Soyuqdəymə zamanı burun tıxanıqlığı, asqırma, boğaz ağrısı kimi narahatlıqlar daha çox görülür. Bu zaman yüksək hərarət müşahidə etmirik. 1 həftə ərzində sağalma ilə nəticələnir. Bəzən hətta heç bir dərman preparatı qəbul etməyə ehtiyac olmur. Mövsümi qrip soyuqdəyməyə görə nisbətən daha ağır gedişli olur. Yüksək hərarət və nəfəs darlığı müşahidə edilə bilər. Əzələ-oynaq ağrıları demək olar ki, hər xəstədə görülür. Onu da deyim ki, koronavirus soyuqdəymə törədən viruslardandır. COVİD-19 zamanı asqırma daha az görülür. Həmçinin virus ağciyərlərə daxil olub müxtəlif ağırlıqlı iltihabi proseslər törədir. Elə digər viruslardan əsas fərqi də budur".
Xalidə GƏRAY
“Yeni Müsavat”