Son günlər valideynlər uşaqlar arasında yüksək hərarətlə müşahidə olunan virusun yayılmasından narahat olduqlarını dilə gətirirlər. Əsasən də uşaqlarda 38 dərəcə hərarət, qarın ağrı, qripə bənzər əlamətlərin olması çaşqınlıq yaradıb. Nəzərə alınsa ki, son günlər koronavirusun “Delta” ştammının uşaqlar arasında daha çox yayılması kimi xəbərlər var, bu təşvişi də anlamaq olar. Sual olunur ki, uşaqlar arasında yayılan bu viruslar təhlükəli “Delta” ştammı ilə bağlıdırmı?
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus bildirib ki, dünyada koronavirusla mübarizədə qazanılan uğurlara baxmayaraq, hazırda pandemiya çox təhlükəli mərhələdədir. O, yeganə çıxış yolunun fərdi qoruyucu vasitələrin ölkələr arasında ədalətli paylanması olduğunu vurğulayıb: “Bu yalnız maskalar və testlər üçün deyil, həm də peyvəndlərə şamil edilir”.
Gebreyesus bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlər hazırda ilk növbədə peyvənd və digər mübarizə vasitələri olan ölkələr tərəfindən qaldırılıb: “Ölkədə yetəri qədər peyvənd yoxdursa, məhdudiyyətləri yumşaltmaq əvəzinə sakinlər xəstəxanalara yerləşdirilmə və ölüm dalğalarına məruz qalırlar”.
Bu arada İngiltərə koronavirusun yeni mutasiyalarının mərkəzinə çevrilməsi ilə üz-üzədir. Həkim Hilari Cons xəbərdarlıq edib ki, ölkə hökuməti əhalini peyvənd etmək proqramına həddən artıq etibar edir. Lakin mütəxəssis virusla mübarizə üçün digər tədbirlərə ehtiyac olduğunu vurğulayıb: “Hər kəs peyvəndin kömək etdiyini deyir. Bu, həqiqətən kömək etdi və ağır, ölümcül halların sayı əhəmiyyətli dərəcədə azaldı. Amma biz, sadəcə, koronavirusun alfa versiyası ilə mübarizə apardıq. İndi ölkədə yoluxuculuğu yüksək olan delta variantı yayılıb”.
Həkim-infeksionist Nilufər Məmmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Uşaqlar arasında yay aylarında müvəqqəti olaraq bu tip xəstəliklərin artmasını hər il müşahidə eləyirik. Hərarətin 38 dərəcəyə qədər yüksəlməsi, bəzi uşaqlarda qarında ağrılar, qusma, qarın getmə, ishal kimi əlamətlər müşahidə olunur. Bu, tək koronavirusun göstəricisi deyil, müxtəlif infeksion xəstəliklərin göstəricisi ola bilər. Belə halda mütləq valideynlər həkimlə məsləhətləşməlidirlər. Çünki yay ayları havanın sərin keçən qış aylarına nisbətən uşaqlarda ağırlaşmalar daha sürətlə müşahidə olunur. Bunun üçün zamanında, iki gün ərzində hərarət düşməsə, vəziyyət stabilləşmə, mütləq şəkildə pediatrla məsləhətləşməlidirlər. Bunun ”Delta" ştammı olmasını deməyə əlimizdə heç bir əsas yoxdur. Azərbaycanda, ümumiyyətlə, “Delta”ştammı hələ ki təsdiqlənməyib. Əgər deyək ki, uşağın ailəsində, valideynləri, nənə-babaları və yaxud təmasda olduğu hər hansısa bir şəxsdə də eyni əlamətlər müşahidə olunursa - yaxın günlərdə hərarətin yüksəlməsi və sairə kimi koronavirusa xas əlamətlər görülübsə, uşaqlar da hərarətləri yüksəldiyi zaman PCR testi ilə müayinə oluna bilərlər. Daha dəqiqliyi ilə bilmək üçün, onların koronavirusa yoluxub-yoluxmamasını öyrənmək üçün bunu etmək lazımdır. Çünki uşaqların da koronavirusa yoluxması mümkündür. Ona görə də əgər ailədə, digər şəxslərdə də bu əlamətlər, simptomlar varsa, müayinə olunmalıdırlar".
N.Məmmədova ÜST rəhbərinin açıqlaması ilə bağlı fikrinə də münasibət bildirib: “Ümumdünya Səhiyyə Təşkilatının verdiyi müxtəlif məlumatların heç biri əsassız deyil, ÜST dünya üzrə statistik tədqiqatlar aparıb, elmi məqalələrin nəticələrinə əsasən, qənaətə gələrək fikir səsləndirir. Ona görə də əgər hər hansısa bir təhlükənin bizi gözlədiyindən xəbər verilibsə, əhali təbii ki, daha diqqətli olmalıdır. Hətta vaksinasiya sürətlə gedən ölkələrdə belə digər qorunma tədbirlərinə ciddi riayət olunmalıdır. Yeni ştammların ölkədə yayılmasının qarşısını almaq məqsədilə ciddi addımlar atılmalıdır”.
https://musavat.com