Anafilaksiya qabaqcadan sensibilizasiya olunmuş şəxsdə ağır dərəcəli, həyat üçün təhlükə törədən kəskin allergik reaksiya olaraq, bazofil və tosqun hüceyrələrdən immun və iltihab mediatorlarının xaric olması ilə şərtlənən sistemli cavabla nəticələnir. Dəri, yuxarı və aşağı tənəffüs yolları, ürək-damar, sinir və mədə-bağırsaq sistemləri olmaqla, ən azı iki orqan sistemi qeyd edilən ardıcıllıqla və ya kombinəolunmuş şəkildə prosesə qoşulur. Ən çox rast gələn səbəbi dərman preparatları, qida məhsulları, immun terapiyası vasitələri və ya həşərat sancmalarına qarşı allergiyadır. Qeyri-immunologen mexanizmlər əsasında baş verən analoji əlamətlər anafilaktoid reaksiyalar adlandırılır.
Sensibilizasiyası olan şəxsdə, adətən, allergenlə təmasdan sonra qəflətən tənəffüs və ürək-damar sistemlərinin pozğunluğudur.
Dəri səpgisi, fitverici tənəffüs və inspirator stridor, hipotoniya, həyəcanlanma, ürəkbulanma və qusma kardinal əlamətləri təşkil edir.
Diaqnozu klinikidir. Allergiyanın müayinəsi yalnız ikicili profilaktikada rol oynayır.
Tənəffüs yollarının keçiriciliyinin saxlanılması və dərhal epinefrin (adrenalin) təyininə başlamaq həyatı xilas edə bilər.
Presensibilizasiya olunmuş insanlarda allergenlə təmas immun mediasiya olunan anafilaksiya ilə nəticələnir. Ən çox rast gələn allergenlərə dərman preparatları, qida maddələri və həşərat sancmaları aiddir, lakin allergenin olması və ya olmaması şəraitində fiziki aktivlik də bu vəziyyətə təkan verə bilər. Bəzən qida və ya fiziki gərginlik allergiyasının baş verməsi üçün kofaktorun (məs., QSİƏP, spirtli içki, digər bir qida maddəsi) olması tələb oluna bilər.
Bu reaksiyaların təxminən 1/3-dən 1/2-ə qədərində təkanverici faktor, qida maddəsidir. Daxilə qəbul, qida aerozolları (məs., emal zamanı araxis hissəciklərinin yaranması, molyuskların hazırlanması və ya çörəkbişirmə zamanı yumurta tozunun istifadə olunması ilə əlaqədar havada zülal hissəciklərinin olması), eləcə də, təkanverici maddə ilə işləmək (məs., araxis, çərəzlər, yumurta, süd və balıq) ağır reaksiyalara səbəb ola bilər. Qida ilə bağlı, fiziki gərginliklə induksiya olunan anafilaksiya, meylli şəxsdə müvafiq antigenin daxilə qəbulundan 2-4 saat sonra fiziki gərginlik nəticəsində meydana çıxır. Dünyanın hər yerində yayılmış zarqanadlı həşərat sancmaları (arı və eşşək arıları) qlobal olaraq qeydə alınır, qarışqa və hörümçək sancmaları isə yalnız onların yayıldığı coğrafi areallarla məhdudlaşır. Dərman preparatları və immun terapiya ilə induksiya olunan anafilaktik reaksiyalar həm xəstəxana şəraitində, həm də ondan kənarda tez-tez qeydə alınır. Böyüklərdə antibiotiklər, xüsusilə penisillinin ən çox allergiyaya səbəb olan preparat olduğu müəyyən edilmişdir. Omalizumabın təyini zamanı anafilaksiya hallarının tezliyi 0.09% təşkil edir.
Peyvənd vurulduqdan sonra anafilaksiya riski aşağıdır. “Vaksinlərin təhlükəsizliyinə dair məlumat bazası”nın nəzərdən keçirilməsi zamanı vaksinasiyadan sonra anafilaksiyanın başvermə riskinin bir milyon dozaya 0.65-1.53 arasında olduğu müəyyən edilmişdir. Əgər xəstədə anafilaktik reaksiya riski varsa, peyvənd vurulmamışdan əvvəl dəridaxili sınaq qoyulması tövsiyə olunur. Yumurtaya qarşı allergiyası olan uşaqlarda qrip vaksini ilə əlaqədar xüsusi tövsiyələr işlənib-hazırlanmışdır, lakin bu zaman allergik reaksiya riskinin aşağı olduğu müəyyən edilmiş və təlimatlara da müvafiq dəyişikliklər aparılmışdır.
Böyükərdə anesteziya zamanı anafilaksiya əsasən neyromuskulyar blokatorlara qarşı reaksiya, daha sonra isə venadaxili (venadaxili) anestetiklər, opioid analgetikləri, qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP), yerli anestetiklər, kolloidlər və lateksə qarşı reaksiyalarla əlaqədardır. Uşaqlarda anesteziya zamanı anafilaktik reaksiyalar daha çox latekslə əlaqədar meydana çıxır ki, bu da latekssiz mühitin yaradılması zərurətini meydana çıxarır.
Allerqoloq və ya immunoloqlara müraciət zamanı ən çox idiopatik anafilaksiya diaqnozu qoyulurdu. Lakin hazırda daha zəngin və dəqiq müayinə üsullarının mövcudluğu ilə əlaqədar həqiqi etiologiya daha yaxşı müəyyən olunur və idiopatik anafilaksiya diaqnozu hallarının sayı artıq azalmışdır.
Simptomlar geniş intervalda dəyişə bilər, ona görə də, kliniki qiymətləndirmə bütün orqan sistemlərini əhatə etməlidir. Bir çox xəstələr özündə yaxınlaşmaqda olan ölüm hissini (angor animi) təsvir edirlər. Xəstə agitasiya vəziyyətində, çaşqın olur və üzündə ya hiperemiya, ya da solğunluq müşahidə edilir. Nevroloji əlamətlərə başgicəllənmə, görmənin pozulması, tremor, dezoriyentasiya, bayılma və qıcolma aiddir. Rinit və bilateral konyunktivit çox vaxt tənəffüs sisteminin prosesə qoşulması və getdikcə proqressivləşməsini göstərir. İnspirator stridor qırtlağın letal obstruksiyasına gətirib-çıxaran təhlükəli bir əlamətdir. Fitverici tənəffüs, döş qəfəsinin həddindən artıq genişlənməsi, tənəffüs prosesində yardımçı əzələlərin iştirakı və xəstənin önə doğru əyilmiş pozisiya alması bronxokonstriksiyanı göstərir. Hipotoniya ilə yanaşı ürək-damar kollapsı da baş verə bilər. Böyüklərdə, demək olar ki, bütün hallarda mediatorların sistemli şəkildə xaric olmasının dəri əlamətləri, məsələn, səpgi, eritema və ya övrə müşahidə edilir. Bu əlamətləri daha dramatik olan respirator və kardiovaskulyar simptomlar üstələyə bilər. Ən çox aşkar olunan əlamətlərə qarında ağrı, ürəkbulanma, qusma və ishal aiddir.
Diaqnoz
Həyat üçün təhlükə törədən, cəld hiperhəssaslıq reaksiyası olan və dərhal tibbi müdaxilə tələb edən anafilaksiya yuxarı tənəffüs yollarının sürətlə proqressivləşən obstruksiyası, səpgi, bronxospazm, hipotoniya və ürək-damar kollapsı ilə səciyyələnir. Diaqnozu əsasən kliniki olaraq, anamnez və fiziki müayinə nəticələrinə istinadən qoyulur.
Müalicə
Anafilaksiya zamanı nəticələrin yaxşı olmasında müvafiq hazırlıq əsas rola malikdir. Bütün xəstələrdə əsas məqsəd ürək-damar sisteminin fəaliyyətinin dəstəklənməsi və anafilaksiya əlamətlərinin epinefrinin (adrenalin) təyini vasitəsilə aradan qaldırılmasıdır. Xəstədə ağırlıq dərəcəsi müxtəlif ola bilər, lakin kardiogen kollaps və tənəffüs sisteminin fəaliyyətinin pozulmasının aradan qaldırılması ən təcili məsələdir, çünki bunlar letal nəticələnə bilər. Nisbətən yüngül əlamətlər sürətlə proqressivləşə bilər və ona görə də xəstə diqqətli müşahidə altında saxlanılmalıdır.
Əgər xəstədə kardiopulmonar tutma varsa, intubasiya və ağciyərlərin süni ventilyasiyası ilə yanaşı ürək-damar reanimasiyası, venadaxili (venadaxili) maye yeridilməsi və venadaxili epinefrinin (adrenalin) təyini göstərişdir.
Tənəffüs yollarının keçiriciliyinin hətta minimal pozulması belə, sürətlə tam tıxanmayadək proqressivləşə bildiyinə görə, tənəffüs yollarının keçiricilik dərəcəsi dərhal qiymətləndirilməli və müvafiq şəkildə dəstəklənməlidir. Əgər mümkündürsə, tənəffüs yollarının keçiricilik dərəcəsinin qiymətləndirilməsi və müalicə təcrübəli anestezioloq və ya təcili tibbi yardım həkimi tərəfindən aparılmalıdır. Xüsusilə, inspirator stridor hallarında profilaktik məqsədlə erkən intubasiya və hətta krikotirotomiya zəruri ola bilər. Tənəffüs fəaliyyətinin qeyri-adekvat olması ağciyərlərin süni ventilyasiyasına göstəriş ola bilər. Əks-göstərişlər yoxdursa (məs., AXOX-un terminal mərhələsində ağır dərəcəli xroniki CO2 retensiyası tənəffüs fəallığının müəyyən dərəcədə hipoksiyadan asılı olmasına səbəb olur; belə xəstə qruplarında oksigen təyini tənəffüs aktının dayanması ilə nəticələnə bilər), bütün xəstələrdə əlavə oksigen təchizatı göstərişdir.
Təngnəfəslik və ya qusma kimi məhdudlaşdırıcı hallar yoxdursa, xəstə tam üfüqi vəziyyətdə uzadılmalı və aşağı ətraflara qaldırılmış vəziyyət verilməlidir (şok və ya Trendelenburq pozisiyası). Bu, venoz qanın qayıtmasını asanlaşdırır, ürəyə gələn qanın miqdarını və beləliklə də, ürək atımını yaxşılaşdırır. Tədqiqatlar göstərir ki, xəstənin şaquli vəziyyətdə olması letal nəticələrə səbəb ola bilər. Damardaxili mayenin venoz damarlara və interstitsial toxumaya paylanması ilə əlaqədar, venadaxili maye yeridilməsilə intensiv əvəzedici terapiya göstərişdir. İnsanda qan damarları yüksək təzyiqli, kiçik kalibrli arterial damarlardan, eləcə də, anafilaksiya zamanı genişlənərək, dövr edən qanın əksər hissəsini özündə saxlayan aşağı təzyiqli, iri kalibrli venoz rezervuardan təşkil olunmuşdur. Belə damardaxili qanitirmənin kompensasiyası üçün böyüklərdə 1-2 l fizioloji məhlul venadaxili yeridilməlidir. Böyrək çatışmazlığı və ya XÜÇ hallarında orqanizmin maye ilə yüklənməsi potensial ağırlaşma hesab olunur.