Meymun çiçəyi – yoxsa yeni pandemiya təhlükəsimi var?
Meymun çiçəyi xəstəliyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında, 9 yaşlı bir uşaqda aşkar edilmişdir. O vaxtdan etibarən bu xəstəlik əsasən Afrika qitəsinin Mərkəzi və Qərb bölgələrində tropik meşələrdə rast gəlinmişdir. Afrikadan kənarda ilk yoluxma halı isə 2003-cü ildə ABŞ-da qeydə alınmışdır. Bu hal, endemik bölgədən gətirilmiş heyvanlarla təmas nəticəsində baş vermiş və 70-dən çox insanın yoluxmasına səbəb olmuşdur. Növbəti illərdə də səyahət edən şəxslər arasında yoluxma halları müşahidə edilmişdir. 2022-ci ilin may ayında isə xəstəlik qeyri-endemik ölkələrdə də yayılmağa başlamış və bu tendensiya ilə xəstəliyin təyin edildiyi ölkələrin sayı sürətlə artmışdır.
Meymun çiçəyi virusu Poxviridae ailəsinə, Orthopoxvirus cinsinə mənsubdur. Təbii çiçək virusu ilə eyni ailədən olan bu virus, DNT tərkiblidir və zoonozdur. Bu o deməkdir ki, virus insanlara heyvanlardan yoluxa bilir. Əsas yoluxma mənbəyi gəmiricilər və primatlardır. Meymun çiçəyi virusunun iki tipi mövcuddur:
• Mərkəzi Afrika (Konqo hövzəsi) tipi – daha ağır xəstəlik və yüksək ölüm halları ilə xarakterizə olunur.
• Qərbi Afrika tipi – daha yüngül formada təzahür edir.
Təbii çiçək virusundan fərqli olaraq meymun çiçəyi xəstəliyi daha az yoluxdurucu xüsusiyyətə malikdir və əksər hallarda ölümcül deyil. Ölüm faizi təxminən 3-6% arasındadır. Bununla belə, xəstəliklə mübarizə aparmaq və yayılmasının qarşısını almaq üçün gigiyena və qoruyucu tədbirlərin həyata keçirilməsi vacibdir.
Xəstəliyin Əlamətləri və Gedişi
Meymun çiçəyi virusunun inkubasiya dövrü (virusun bədənə daxil olmasından simptomların yaranmasına qədər keçən müddət) orta hesabla 6-13 gündür. Lakin bəzi hallarda bu müddət 5-21 gün arasında dəyişə bilər. Xəstəlik özünü aşağıdakı əsas əlamətlərlə göstərir:
• Halsızlıq, qızdırma, baş və əzələ ağrıları
• Üz və ətraflarda, ovuc və ayaq altında səpgilər
• Ağız boşluğu, cinsiyyət orqanı və gözlərin selikli qişasında (konyunktiva) səpgilər
• Limfa düyünlərinin böyüməsi (limfadenopatiya)
Səpgilər müəyyən ardıcıllıqla inkişaf edir və bir neçə mərhələdən keçir: makula (yastı qırmızı ləkələr) → papula (qalxmış səpgilər) → vezikul (maye ilə dolu qabarcıqlar) → pustula (irinlə dolu qabarcıqlar) → qabıq. Xəstəlik ümumilikdə 2-4 həftə davam edir.
Limfadenopatiya, yəni limfa düyünlərinin böyüməsi, meymun çiçəyinin fərqləndirici xüsusiyyətlərindən biridir. Bu, xəstəliyi digər səpgili xəstəliklərdən, məsələn, su çiçəyi və qızılcadan ayırmağa kömək edir. Lakin nadir hallarda xəstəlik ağırlaşa bilər. Bu ağırlaşmalara aşağıdakılar daxildir:
• İkincili infeksiyalar
• Bronxopnevmoniya
• Sepsis (qan zəhərlənməsi)
• Ensefalit (beyin iltihabı)
• Korluqla nəticələnə bilən buynuz qişa infeksiyası
İmmunitet çatışmazlığı olan şəxslər bu xəstəlik üçün yüksək risk qrupuna aiddir.
Diaqnostika və Müalicə
Meymun çiçəyi xəstəliyi diaqnostika üçün laboratoriya testlərinə ehtiyac duyur. Ən effektiv diaqnostika üsulu səpgidən götürülmüş nümunənin PZR (polimeraza zəncirvari reaksiyası) müayinəsidir. Seroloji üsullar (antigen və ya anticisimlərin təyini) spesifik olmadığı üçün tam dəqiq nəticə verməyə bilər.
Müalicə əsasən xəstəyə optimal qulluq göstərilməsindən və qidalanma rejiminə əməl edilməsindən ibarətdir. Əgər ikincili infeksiyalar rast gəlinərsə, dərhal tədbirlər görülməlidir. Meymun çiçəyi üçün xüsusi antiviral müalicələr hələ geniş yayılmamışdır. Bununla belə, təbii çiçək üçün hazırlanmış tecovirimat adlı antiviral dərman Avropa Tibb Assosiasiyası tərəfindən 2022-ci ildə meymun çiçəyi xəstəliyinə qarşı lisenziyalaşdırılmışdır.
Profilaktika və Təhlükəsizlik
Meymun çiçəyi xəstəliyinin qarşısını almaq üçün bir neçə tədbir görülməlidir:
• Yoluxmuş şəxslərdən və heyvanlardan uzaq durmaq
• Heyvan mənşəli məhsulların tam bişirildiyinə əmin olmaq
• Şəxsi gigiyena qaydalarına riayət etmək
Meymun çiçəyi virusuna qarşı spesifik peyvənd mövcuddur. Keçmişdə təbii çiçək xəstəliyinə qarşı istifadə edilən peyvəndin meymun çiçəyinə qarşı 85%-ə qədər təsirli olduğu sübut edilmişdir. Hal-hazırda bu peyvəndin istifadəsi geniş yayılmamışdır. Bununla belə, 2019-cu ildə yeni iki dozalı bir peyvənd təsdiq edilmiş və profilaktika məqsədilə bəzi yüksək risk qrupuna daxil şəxslər üçün istifadəyə verilmişdir.
Meymun çiçəyi xəstəliyi qlobal səviyyədə böyük əhəmiyyət kəsb edir. Keçmişdə çiçək xəstəliyinə qarşı peyvəndin qoruyucu təsiri olmuşdur. Lakin çiçək xəstəliyinin aradan qaldırılmasından sonra peyvənd kampaniyalarının dayandırılması meymun çiçəyi xəstəliyinə həssaslığın artmasına səbəb ola bilər. Gələcəkdə xəstəliyin daha geniş yayılmasının qarşısını almaq üçün həm fərdi, həm də qlobal səviyyədə tədbirlər görülməsi zəruridir.