Orta qulağın iltihabı (Oİ) orta qulaq nahiyəsinə təsir edən infeksiyadır və viruslu respirator xəstəliklərin əsas fəsadıdır.
Otalgiya, əsəbilik, eşitmənin zəifləməsi, anoreksiya, qusma və ya hərarət ilə təzahür edə bilər, bu zaman, adətən, cari viruslu respirator infeksiya mövcud olur.
Fiziki müayinə zamanı qabarıqlıq və az hərəkətli işıq keçirməyən qulaq təbili qişası aşkar edilir. Qişa ağ, sarı, çəhrayı və ya qırmızı ola bilər.
Diaqnoz, adətən, ənənəvi otoskopiya vasitəsilə qoyulur. Əlavə sınaqlara effuziyanın mövcudluğunu təsdiq etmək üçün pnevmatik otoskopiya və ya timpanometriya daxil ola bilər.
Müalicəyə ağrıkəsicilərlə ağrıya nəzarət və antibiotiklər daxil edilə bilər.
Fəsadlara qulaq təbili membranının perforasiyası və nadir hallarda, mastoidit, yeddinci kəllə-beyin sinirinin iflici və ya siqmaşəkilli sinusun trombozu daxildir.
Etiologiya
Orta qulağın iltihabının əksəriyyəti respirator viruslar tərəfindən törədilir və öz-özünə sağalandır. Orta qulağın virus və bakteriya ilə qarışıq infeksiyası hər ikisinin orta qulağın kəskin, suppurativ iltihabı və ya təbilin irinləməsində oynadığı rolu göstərir. OKİ törədən əsas bakteriyalar bunlardır: Streptococcus pneumoniae(təxminən 40%), növlərə bölünməyən Haemophilus influenzae (25-30%) və Moraxella catarrhalis (10-15%). Təəssüf ki, kliniki şəraitdə etioloji diaqnozun qoyulması asan deyil.
Patofiziologiya
Normal şəraitdə, Yevstax borusunun mukosiliar fəaliyyəti və respirator funksiyası orta qulağa daxil olan burun-udlaq florasını təmizləyir. Lakin yuxarı tənəffüs yollarının virusları orta qulağa təsir edə və beləliklə, prosesə mane ola, bu da OKİ-nin yaranmasına şərait yarada bilər. Virus normal mukosiliar klirens və orta qulağın ventilyasını pozaraq, burun yolları və Yevstax borusunun iltihabına səbəb ola bilər. Bu zaman orta qulaqda maye yığıntısı yaranır və burun-udlaq bakteriyaları bu mayeni yoluxdurur. Orta qulaqda maye yığıntısı bakteriyaların çoxalması üçün yaxşı şərait yaradır və ardınca burada irinli, iltihablı reaksiya başlayır. İrinləmə və nəticədə qulaq təbili qişasına göstərilən təzyiq ağrı və hərarətlə nəticələnir, bu da OKİ üçün tipik simptomlardır. Daha ağır hallarda, qulaq təbili qişası deşilə və irinli otorreya törədə bilər. İltihab prosesi məməyəbənzər çıxıntının hüceyrələrini əhatə edə bilər.
Klinika
Daha böyük yaşlı, danışan uşaqlarda kəskin otalgiyanın başlamasından əvvəl viruslu respirator xəstəliyin olması risk amillərinə daxildir. Danışmayan uşaqlarda, əsas amillərə hərarət və ya otalgiyaya müvafiq sistemli simptomlar daxil olmalıdır, məsələn, əsəbilik, ağlama, narahat yuxu, qusma və iştahsızlıq.
Orta qulağın kəskin iltihabı böyüklərin 1%-dən daha azında rast gəlir. Böyüklərdə əlamətlər, adətən, uşaqlardan daha tez təzahür edir, onlar qulaq ağrısı, pis eşitmə, boğaz ağrısı və otorreyadan şikayət edirlər. Buna baxmayaraq, uşaqlarla müqayisədə, böyüklər arasında orta qulaqda toplanmış maye və ya ilkin diaqnozdan iki ay sonra infeksiyaların göstəricisi daha yüksək olur. Bakteriologiya və müalicə uşaqlarda olduğu kimidir.
Müayinə
Fiziki müayinə zamanı OKİ diaqnozunu dəstəkləyən amillərə spesifik olaraq qabarıqlıq, eritematoz və qeyri-şəffaf qulaq təbili qişası daxildir. Neytral vəziyyətdə, normal qulaq təbili qişası göbəyin üstünün mərkəzində və arxa-üst kvadrantda qulaq çəkicinin lateral hissələrində pərdəşəkilli olur. Əlavə olaraq, ön-xarici kvadrantda işıq refleksi görünməlidir. OKİ yarandıqda, qulaq təbili qişası xarakterik qabaracaq (bublik formasında), səciyyəvi əlamətlər və işıq refleksi silinəcək və ya zəifləyəcək. Beləliklə, xarici eşitmə kanalının müayinəsi və qulaq təbili qişasına baxılması OKİ -nin diaqnostikası üçün qəbul edilmiş standartdır. Bəzən xarici eşitmə kanalındakı kükürd qulaq təbili qişasının vizual müayinəsinə maneə törədə bilər. Xarici eşitmə kanalındakı kükürdün təmizlənməsi üçün bütün mümkün səylər icra edilməlidir. Qulaq təbili qişası görünmürsə, xəstənin müvafiq olaraq idarə edilməsinə dair müvafiq qərar qəbul edilməlidir.
Müalicə
OKİ-nin müalicəsinə qulaq ağrısına dərhal nəzarət edilməsi daxildir. Ümumiyyətlə, buna, adi analqetiklərdən istifadə edərək nail olmaq olar. OKİ-nin müalicəsində antihistamin və ya ödem əleyhinə preparatlardan istifadəni dəstəkləyən elmi dəlillər azdır.
Dərhal antibiotik terapiyası
Ağrıya müvafiq qaydada nəzarət etdikdən sonra, həkim və ailə antibiotik terapiyasının lazım olub-olmadığını nəzərə alırlar. Peroral antibiotiklər müalicənin əsasını təşkil edir, lakin bu preparatlardan həddən artıq çox istifadə antibiotikə rezistentliyin artması ilə nəticələnir. Bu baxımdan peroral antibiotiklərlə müalicə yalnız OKİ diaqnozu təsdiq edildikdən sonra təyin edilməlidir. Tədqiqat göstərmişdir ki, antibotiklər vəziyyətə orta dərəcədə təsir göstərir. Kliniki sağalma göstəriciləri, xüsusilə simptomların yüngülləşməsi 1 günlük terapiyadan sonra antibiotik və plasebo üçün eynidir və 1 həftə sonra antibiotik qrupu üçün daha yüksəkdir. Antibiotiklər sağalmanı orta hesabla 1 gün tezləşdirir və 1 uşağın faydalanması üçün 10-20 xəstə antibiotik qəbul etməlidir.
Son zamanlara qədər OKİ-nin müalicəsi üçün antibiotiklərdən istifadəyə dair tədqiqatın izahı çətin olmuşdur, çünki OKİ diaqnozunun qoyulması üçün sabit meyarlardan istifadə edilmirdi. Lakin iki tədqiqat göstərmişdir ki, qabarıq qulaq təbili diaqnoz üçün meyar kimi istifadə edilib, antibiotiklərlə istifadə daha az sayda kliniki uğursuzluqlarla nəticələnib və kliniki göstəricilər plasebo ilə müqayisədə orta dərəcədə daha yaxşı olmuşdur.
Antibiotiklər mərhələli şəkildə yazılır, birinci xətt antibiotiki ilə başlanır. Xəstənin vəziyyəti yaxşılaşmadıqda, ikinci və ya üçüncü xətt preparatına keçid edilməsi tələb edilə bilər.