Damardaxili katetlərlə əlaqəli infeksiyalar

Damardaxili katetlərlə əlaqəli infeksiyalar

DAMARDAXİLİ KATETERLƏRLƏ ƏLAQƏLİ İNFEKSİYALAR

Venoz kateterlər kəskin və xroniki xəstəliklərin müalicəsində vacib alətlərdəndir. Buna baxmayaraq, bu alətlərin istifadəsi kateterlə əlaqəli qan dövranı infeksiyalarının (KƏQDİ – CRBSİ) inkişafına səbəb ola bilir.

Damar kateterləri ilə əlaqləi infeksiyalar xəstəxanadaxili qan dövranı sistemi infeksiyalarına səbəb olur və bu vəziyyəti kəskin olan xəstələrdə ölümlə nəticələnə bilir. Bu xəstəliklərin diaqnozu, profilaktikası və idarə olunması çox vaxt çətin olur.

PATOGENEZ

İntravenoz kateterlə əlaqəli infeksiyaların törədiciləri çox vaxt antibiotiklərə davamlı mikroorqanizmlər olduğu üçün, bu xəstəliklərin müalicəsi çox vaxt çətinlik törədir. Bu orqanizmlər biofilm təbəqəyə malik olurlar və damardaxili istifadə olunan alətlərin üzərində əmələ gələn trombin təbəqəsinə birləşirlər.

İNFEKSİYA MƏNBƏLƏRİ

Dəri və kateterlərin damardaxili hissələri infeksiyanın əsas hmənbələridir. Qısa müddətli kateterizasiya zamanı, dəri üzərində kateterin daxil edildiyi nahiyə infeksiyanın qan dövranına keçməsinin və kolonizasiyanın əsas mənbəyidir. Orqanizmlər kateterin xarici səthi ilə hərəkət edir və dəri daxilinə, sonra isə dərialtı seqmentlərə keçərək kateterin damardaxili uc hissəsində kolonizasiyaya səbəb olur ki, bu da qan dövranı infeksiyalarının inkişafına səbəb olur. Uzunmüddətli kateterizasiya zamanı isə kateterlərin lümen hissəsi və portlar əsas infeksiya mənbəyidir. Belə ki, kateterlərin bu hissələri müxtəlif manipulyasiyalar zamanı tibb personalının əlləri vasitəsi ilə və ya xəstənin öz dərisinə həmin hissənin təması nəticəsində çirklənə bilər. Stafilokokklar, xüsusən də koaqulaza-neqativ stafilokokklar və Staphilococcus aureus kateter əlaqəli qan dövranı xəstəliklərinin əsas törədiciləridir.

Gram-negativ basillərdən kateter əlaqəli qan dövranı xəstəliklərinə səbəb olanlar nonenterik orqanizmlərdir və xəstəxana mühitində olurlar. Bunlara Stenotrophomonas maltophilia, pseudomonas və Acinetobacter növləri  aiddir. Candida albicans və Candida parapsilosis  kimi göbələklər də tibb personalının əllərində koloniyalaşa bilir və kateter əlaqəli qan dövranı xəstəliklərinin inkişafı ilə əlaqələndirilirlər.

Biofilm faktoru

Stafilokokklar, Candida və bəzi başqa mikoorqanizmlər exopolisaxaridlərlə zəngin maddə istehsal edirlər ki, bu da həmin orqanizmlərin üzərində nazik biofilm təbəqə əmələ gəlməsinə səbəb olur. Biofilm təbəqə bu orqanizmlərə yad cisimlərin səthinə birləşmə və sağ qalma şansı verir. Biofilm təbəqə sayəsində bu mikroorqanizmlər antibiotiklərə qarşı davamlııq xüsusiyyəti əldə edirlər. Elə buna görə də kateter əlaqəli qan dövranı infeksiyalarını kateterləri xaric etmədən müalicə etmək böyük çətinlik törədir.

Trombin təbəqə faktoru

Kateterin daxil edilməsinin ardınca damardaxili seqmentin xarici və daxili səthində trombin təbəqə əmələ gəlir. Bu təbəqə insan orqanizmində əmələ gələn zülallarla(məsələn, fibrin, fibronektin, trombospondin və laminin) zəngindir və bu zülallar adhezinlər kimi fəaliyyət göstərir. Damardaxili kateterin üzərindəəmələ gələn bu təbəqə mikrobial patogenlərin kateter üzərinə yapışmasına şərait yaradır. Staphylococcus aureus fibrinogen, fibronektin, trombospondin, laminin zülallarına güclü şəkildə bağlanır. Bundan başqa, koaqulaza-neqativ stafilokokklar fibronektinlə, C albicans isə fibrinlə əlaqələnirlər.

DİAQNOZ

Kateter əlaqəli qan dövranı xəstəliklərinin diaqnoztikası üçün əvvəllər kateterin əkilməsi üsulundan istifadə olunurdu. Nəzərə alsaq ki, bu üsulu tətbiq etmək üçün kateterin xaric edilməsi vacibdir, bəzi yoluxmaya məruz qalmamış xəstələrdə bu üsulun tətbiqi vaxt itkisinə səbəb olur. Bundan başqa, uzunmüddətli kateterizasiya zamanı bu üsulun tətbiqi informativ olmur. Çünki, uzunmüddətli kateterizasiya zamanı mikroorqanizmlərin ısas kolinizasiyalaşma yeri kateterin daxili səthidir, lakin əkilmə zamanı yalnız xarici səthdə olan mikroorqanizmlər haqda məlumat əldə olunur. Buna görə də hazırda diaqnostik məqsədlər üçün yeni metodlar istifadə olunur. bu yeni texnikalar sayəsində kateteri xaric etmədən yetərli məlumat əldə etmək mümkün olur.

  1. Eyni vaxtda mərkəzi venoz kateter vasitəsi ilə toplanmış və periferik qandan götürülmüş qan nümunələrinin kəmiyyət kulturalarının müqayisəsi zamanı, infeksiyalaşmış şəxslərdə venoz kateterdən toplanmış qanda mikroorqanizmlərin sayı ən az 5 dəfə daha artıq olur.
  2. Eyni vaxtda mərkəzi venoz kateter vasitəsi ilə toplanmış və periferik qandan götürülmüş qan nümunələrinin keyfiyyət kulturaları hazırlanır. Bu zaman venoz kateterdən götürülmüş qan kulturasının ən az 2 saat daha tez inkişaf etmıyı başladığı görülür.
  3. Kateter əlaqəli qan dövranı infeksiyalarına endolüminal fırçalama texnikası vasitəsi ilə də diaqnoz qoymaq olar. Bu texnikaya kateterin lümen hissəsinin fırçalanması və akridin narıncı leykosit sitospin testindən istifadə aiddir. Bu texnika CRBSİ-lərin kateteri xaric etmədən diaqnostikasında 95% həssaslıq və 84% spesifikliyə malikdir.

PROFİLAKTİKA

CRBSİ-lərin profilaktikası məqsədi ilə bir çox yeni metodlar işlənib hazırlanmışdır:

Gümüş ionları

İonlaşdırılmış gümüş bakteriyalara və göbələklərə qarşı geniş antimikrob aktivliyinə malikdir. Gümüş tərkibli dərialtı kollagen manjetlər istehsal olunub və bunlar kateterin daxil edildiyi yerdə dərialtı yerləşdirilir. Bu manjetlər qısamüddətli kateterizasiyalar zamanı kolonizasiya riskini nəzərəçarpacaq dərəcədə azaldır( 10 gündən az kateterizasiya zamanı). Amma bu manjetlər uzunmüddətli kateterizasiya zamanı (20 gündən daha artıq) uğursuz olurla. Buna səbəb kollagenin bioloji davamsız təbiəti və gümüş ionlarının manjetdə 3-7 gündən artıq qalmamasıdır.

Antimikrobial/antikoaqulyant axın məhlulları

Antimikrobial axın məhlulları, adətən antikoaqulyant və antimikrobial maddələrin qarışığından ibarət olur və ən az gündə 1 dəfə kateterin lümenini doldurmaq üçün istifadə edilir. Bu prosedur adətən uzunmüddətli kateterizasiya zamanı istifadə edilir, çünki bu zaman mikroorqanizmlərin əsas kolonizasiya yeri kateterin mərkəz və lümen hissələridir. Bu üsul həmçinin qısa müddətli kateterizasiyalar zamanı da istifadə oluna bilər.  

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?