Koronavirus mövsümi xəstəliyə çevrilir?

Koronavirus mövsümi xəstəliyə çevrilir?

 Koronavirus mövsümi xəstəliyə çevrilir?

Dünyanın müxtəlif ölkələrində COVİD-ə ikinci dəfə yoluxma ilə bağlı yeni faktlar ortaya çıxmaqdadır. Bir çox ölkələr koronavirusun ikinci dalğası ilə üz-üzədir. Digər infeksion xəstəliklərin də baş qaldırdığı bu dönəmdə koronavirusun mövsümi xəstəlik olması ilə bağlı iddialar ortaya çıxmağa başlayır. 

Milli.Az bu məsələyə aydınlıq gətirmək üçün həkim-infeksionist Nilufər Məmmədova ilə əlaqə saxlayıb. Həkim-infeksionist açıqlamasında qeyd edib ki, COVİD 19-da mövsümü gediş müşahidə olunmur:

"Bütün dünyada hələ də sürətlə yayılmağa davam edən koronavirus (COVİD -19)  mövsümi dəyişiklik yaşadığımız bu günlərdə qrip, soyuqdəymə və allergik xəstəliklərlə oxşar əlamətlər göstərə bilər.  Daha çox tənəffüs sisteminə təsir edən koronavirusun bir çox əlamətləri vardır. Bədən hərarətinin yüksəlməsi, öskürək, halsızlıq, ümumi zəiflik, əzələ ağrısı, baş ağrısı, nəfəs darlığı və s. kimi şikayətlər koronavirusa yoluxanlarda görülə bildiyi kimi qrip, soyuqdəymə, allergik xəstəliyi olanlarda da müşahidə edilə bilər. Lakin soyuqdəymə dediyimiz müxtəlif viruslar tərəfindən törədilən xəstəlik burun tıxanıqlığı, asqırma, boğaz ağrısı kimi əsas şikayətlərlə xarakterizə olunur ki, koronavirusa yoluxma zamanı asqırma çox az hallarda görülür.

Allergik xəstəliklər zamanı koronavirusda olduğu kimi öskürək və nəfəs darlığı müşahidə oluna bilər. Ancaq hərarətin yüksəlməsi, ümumi zəiflik, əzələ-oynaq ağrıları, iybilmə və dadbilmənin itməsi kimi digər şikayətlər də olduqda görülən əlamətlər daha çox koronavirusla yoluxmaya dəlalət edir. Koronavirusun daha çox bənzərlik göstərdiyi xəstəlik isə qripdir. Hər iki xəstəlik viruslar tərəfindən törədilir və oxşar əlamətlərlə xarakterizə olunur. Lakin qrip zamanı koronavirusda olduğu kimi nəfəs darlığı və iybilmənin itməsi bir o qədər görülmür.

Qrip mövsümi gedişlə xarakterizə olunsa da, hal-hazırda pandemiyası görülən COVİD 19-da mövsümi gediş müşahidə olunmur. Belə ki, gözlənilənlərin əksinə, qış və yaz aylarında tez-tez müşahidə etdiyimiz koronaviruslardan fərqli olaraq, COVİD 19-un yay mövsümündə dünya üzrə yayılmasında ciddi bir azalma müşahidə olunmadı. Payız- qış və yazın ilk aylarında rast gəldiyimiz bu xəstəliklər bir-biri ilə bənzərlik göstərdiyi üçün pasientlərdən belə simptomlarla rastlaşdıqları zaman mütləq həkim müayinəsindən keçmələri və diaqnozu dəqiqləşdirmələri xahiş olunur. Onu da qeyd edim ki, bu xəstəliklərə xas spesifik simptomlar yoxdur. Diaqnozu ancaq laborator müayinələrlə dəqiqləşdirmək mümkündür. Unutmamalıyıq ki, koronavirusa yoluxma zamanı erkən başlanılan müalicə və həkim nəzarəti xəstəliyin ağırlaşmalarının qarşısını ciddi şəkildə alır".

Təhməz Əsədov
Milli.Az

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?