“TƏCİLİ TİBBİ YARDIM SİSTEMİ VƏ AKADEMİK TƏDRİSDƏ TƏCİLİ TİBB” MÖVZUSUNDA SİMPOZİUM KEÇİRİLİB

“TƏCİLİ TİBBİ YARDIM SİSTEMİ VƏ AKADEMİK TƏDRİSDƏ TƏCİLİ TİBB” MÖVZUSUNDA SİMPOZİUM KEÇİRİLİB

NİLUFƏR MƏMMƏDOVA

Bu gün Dünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsinə start verilib.

Tədbir ATU-nun Konfranzs zalında “Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb” mövzusunda simpoziumla başlayıb. Əvvəlcə şəhidlərimizin xatirəsi anılıb və dövlət himnimiz səsləndirilib.

Bundan sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli simpoziumda açılış nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını salamlayan rektor son dövrlərdə səhiyyəmizdə aparılan islahatların uğurlu nəticələrinə toxunaraq, insanlara göstərilən ilkin tibbi xidmətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. İlkin təcili xidmətin tarixinə də ekskurs edən professor G.Gəraybəyli bu sahə üzrə mütəxəssislərin hazırlanmasına əsasən ötən əsrin 60-cı illərində başlanıldığını bildirib. O dövrlə müqayisədə müasir təcili tibbi xidmətin çox sürətlə inkişaf etdiyini və bu sahədə çalışan mütəxəssislərin səviyyəsinin də yüksəldiyini diqqətə çatdırıb: “Bu gün hər bir klinikada fəaliyyət göstərən təcili tibb xidməti şöbəsi müasir texnologiyalara və müasir tədqiqatlara əsaslanan avadanlıqlarla təchiz olunur. Ancaq ən vacib məsələlərdən biri həmin şöbələrdə bu bu sahə üzrə mütəxəssislərin hazırlanmasıdır. Məhz bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq 2019-cu ildə Azərbaycan Tibb Universitetinin tədris proqramlarında təcili tibb dərsləri nəzərdə tutulmuş, 2021-ci ilin dekabrında isə Böyük Elmi Şuranın iclasında universitetdə ilk dəfə olaraq təcli tibb yardımı kafedrasının yaranmasına qərar verilmişdir. Mən əminəm ki, bu addımlar gələcəkdə Azərbaycan səhiyyəsi üçün tibb yardımı xidmətində çalışan mütəxəssislərin hazırlanmasına mühüm töhfədir”.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan layihələrdə Azərbaycan Tibb Universiteti tələbələrinin, məzunlarının və həkimlərinin həvəslə iştirak etdiyini söyləyən rektor həftəboyu keçiriləcək təlim kurslarının da səmərəli olacağına əminliyini ifadə edib və simpoziumun işinə uğurlar arzulayıb.

Simpoziumda Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov da çıxış edib. O, nazir müavini kimi ilk publik çıxışını ona çox doğma olan Azərbaycan Tibb Universitetində etməsindən, eyni zamanda universitetdə yeni kafedranın yaradılması prosesində iştirakından məmnunluğunu dilə gətirib. Ölkəmizdə təcili tibbi xidmət işinin yaxşılaşdırılması və təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin xüsusi önəmini vurğulayan nazir müavini bugünkü simpoziumun təşkilatçılarına, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinə, Türküyədən gələn professor-müəllim heyətinə və tədbirə könüllü qatılan rezidentlərə təşəkkürünü çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nümayəndəsi Araz Nəsirov səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək baxımdan bügünkü tədbirin əhəmiyyətdən danışıblar.

Simpoziumdan sonra "Azərbaycanda təcili tibbi yardım sisteminin qiymətləndirilməsi” mövzusunda ÜST-ün nümayəndəsi Fidan Talışinskayanın məruzəsi dinlənilib. 

Daha sonra hər kursda 10 nəfər iştirakçı olmaqla təlimlər keçirilib. Kurslarda təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarının mənimsənilməsi, eyni zamanda, ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükəyə yaradan halların mütərəqqi tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumatların öyrənilməsi nəzərdə tutulub.

 Bundan əlavə, “Təcili yardım şöbəsinin idarə olunması” kursunda əsas hədəf iştirakçıları təcili yardım şöbəsinin düzgün təşkili, məhdud resuslu şəraitlərdə şöbənin üdarə olunması, pasiyent təhlükəsizliyi prinsipləri, konfliktlərin həlli və şöbənin xidmət keyfiyyətinə təsir edən digər amillər üzrə təlimatlandırmaqdır.

Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəz, Respublika Klinik Hospitalı, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən Təcili Tibbi Yardım xidmətlərinin əməkdaşları, habelə təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər.

Qeyd edək ki, Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində keçiriləcək kurslara fevralın 12-də yekun vurulacaq və simpoziumun bağlanış mərasimi də Azərbaycan Tibb Universitetində olacaq.

 

https://amu.edu.az/news/2870/tecili-tibbi-yardim-sistemi-ve-akademik-tedrisde-tecili-tibb-movzusunda-simpozium-kecirilib

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?