Uşaqların “sirli” hepatiti

Uşaqların “sirli” hepatiti

sirli hepatit yeni xəstəlik uşaqlarda hepatit

Son günlərdə ictimai sağlamlığı təhdid edən uşaqların “sirli” hepatiti nədir?

Son vaxtlar dünyanın bir çox ölkələrində uşaq kontingenti arasında rast gəlinən naməlum etiologiyalı hepatit virusu çox ciddi narahatlıq doğurur.

     CDC (Xəstəliklərə Nəzarət  Mərkəzi) fevral ayında Alabama ştatında doqquz xəstəlik hadisəsi bildirdi. ABŞ-da ilk hallar 2021-ci ilin oktyabrında Alabama ştatındakı uşaq xəstəxanasında müəyyən edilib və naməlum səbəbli qaraciyər zədələnməsi (bəziləri kəskin qaraciyər çatışmazlığı olmaqla) olan beş uşaq qəbul edilib, onların Adenovirus  testi müsbət olub, əvvəllər keçirilmiş və hazırki COVİD-19 virusu aşkar edilməyib. Alabama ştatında rast gəlinən hallar həkimləri təəccübləndirirdi, çünki əvvəl sağlam olan uşaqlarda ciddi simptomlar var idi və heç birində hepatit virusu aşkar olunmurdu. Onların yaşları təxminən 2-6 yaş arasında dəyişirdi. Xəstəxanaya yerləşdirilməzdən əvvəlki əlamətlərə qusma, ishal və yuxarı tənəffüs yollarının simptomları daxil idi. Xəstələrin yeddisində qaraciyər böyümüş, altısında sarılıq və birində ensefalopatiya var idi. Xəstələrdən üçü qaraciyər çatışmazlığından əziyyət çəkirdi, ikisinə isə qaraciyər transplantasiyası ehtiyacı yaranmışdı. Hazırda  onların hamısı ya sağalıb, ya da sağalmaq üzrədir.

     21 aprel 2022-ci il tarixinə qədər ÜST-nin Avropa regionunda 11 ölkədən və ÜST-nin Amerika regionunda bir ölkədən ən azı 169 hadisə qeydə alınıb: Böyük Britaniya (114), İspaniya (13), İsrail (12), Amerika Birləşmiş Ştatları (9), Danimarka (6), İrlandiya (<5), Hollandiya (4), İtaliya (4), Norveç (2), Fransa (2), Rumıniya (1) və Belçika (1)

     Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.

     1-i ölümlə nəticələnməklə ciddi qaraciyər pozğunluğu, hətta qaraciyər transplantasiyasına ehtiyaca qədər ağır klinik seyri olan xəstəlik üzə çıxdığı ilk vaxtlar günümüzdə məlum olan hepatit virusları ilə əlaqələndirilmiş, lakin aparılan laborator müayinələr bunu təkzib etmişdir. Aparılan son araşdırmalar nəticəsində isə xəstəlik 41-ci tip adenovirusla əlaqələdirilir. Bəzi alimlər xəstəliyin anidən üzə çıxmasını COVİD-19 pandemiyası səbəbi ilə aparılan karantin tədbirləri nəticəsində uşaqların adenovirusla ilk dəfə daha gec qarşılaşması, viruslara qarşı immun sistemin zəifləməsi və məhz bu virusa qarşı güclü immun reaksiya ilə əlaqəli ola biləcəyi fikrini irəli sürmüşlər. Belə ki, tədqiqatlar COVİD-19 pandemiyasının başlandığı və ona qarşı təcridolunma tədbirlərinin həyata keçirilməsindən sonra adenovirusla yoluxma hallarının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Həmçinin, COVİD-19 virusu və adenovirusun birlikdə koinfeksiya şəklində də qaraciyər zədələnməsi törətməsi fikirləri də mövcuddur. Aparılmış tədqiqatlar bu halların COVİD-19 vaksinləri ilə əlaqədar olmadığını, xəstələnənlərin vaksinlənmədiyini də göstərmişdir.

     Uşaqların bəzilərində adenovirusun tapılması geniş laboratoriya testlərinin nəticəsi olaraq təsadüf ola bilər, çünki bu, uşaqlarda geniş rast gəlinən tənəffüs yollarının  virusudur. Həmçinin, etiologiyanın adenovirus olması klinik mənzərənin şiddətini tam izah etmir. Adenovirus 41, adətən, ishal, qusma və qızdırma şəklində özünü göstərir və daha çox tənəffüs yollarının simptomları ilə müşayiət olunur. Adenovirus tip 41 adətən sağlam uşaqlarda hepatitin səbəbi olmur və xəstələnən uşaqlar arasında heç bir məlum epidemioloji əlaqə və ya ümumi məruz qalma aşkar edilməmişdir. Avropa İnfeksion Xəstəliklər Dərnəyi xəstəliyin toksinlərdən qaynaqlandığını ehtimal edir. Nəm və kifli şəraitdə inkişaf edən göbələk mənşəli toksin birbaşa qaraciyər zədələnməsinə səbəb olur, yoluxma mənbəyi əsasən qabıqlı çərəzlərdir. Lakin bu mülahizələr öz təsdiqini tapmamışdır.

     Xəstəliyin etiologiyası haqqında aparılan tədqiqatlar davam etdirilir və mənbəyin yeni virus olması yaxud məlum olan virusun (daha çox adenovirus olduğu güman olunur) genetik dəyişikliyi da ehtimallar sırasındadır.

     Xəstəliyə məruz qalanların çox hissəsini 5 yaşından aşağı uşaqlar təşkil edir. Əsas klinik əlamətlərə qastrointestinal simptomlar - qarın ağrısı, ishal , qusma və ardınca sarılıq aiddir. Əksər hallarda qızdırma müşahidə olunmur. Qaraciyərin zədələnməsinin iltihab mənşəli olduğu güman olunur. Laborator müayinələrdə ALT (alaninaminotransferaza), AST (aspartataminotransferaza) artışı müəyyən edilmişdir.

     Qeyd edək ki, xəstəliyin yoluma yolları və patogenezi də bilinmir. Buna görə də ona qarşı effektiv mübarizə tədbirləri məlum deyildir.

    Profilaktik tədbir olaraq, simptomlar müşahidə olunduqdan 48 saat müddətində uşaqların evdə qalmaları, təmasın mimimuma endirilməsi və müvafiq səhiyyə müəssisəsinə bildirilməsi tövsiyyə olunur. Oxşar əlamətlər müşahidə olunarsa, adenovirusun da daxil olduğu geniş diaqnostik testlərdən istifadə olunmalıdır. Yoluxmanı qarşısını almaq üçün gigyenik qaydalara mütləq şəkildə riayət etmək lazımdır.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?