Yeni virus təhlükəsi və toylara icazə - infeksionistdən çağırış

Yeni virus təhlükəsi və toylara icazə - infeksionistdən çağırış

Koronavirus

Son aylar Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayında ciddi azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə edilir. 2021-ci ilin əvvəlindən davam edən vaksinasiya xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkanlar yaradıb.

Azərbaycanda məhdudiyyətlər aradan qaldırılır, ölkə əvvəlki həyatına qayıdır, amma hələ də təhlükə qalmaqdadır. İnsan həyatı üçün daha çox təhlükə sayılan Hindistan ştammının 90-dan artıq növü müəyyən edilib, bu ştammın Rusiyada, digər region ölkələrində geniş yayılması əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə səbəb olub. Qonşu Gürcüstanda da Hindistan ştammı aşkar olunduğundan, onun Azərbaycana keçmə ehtimalı da yüksəkdir.

Yeri gəlmişkən, Nazirlər Kabineti tərəfindən müəyyən şərtlər əsasında toyların keçirilməsinə də razılıq verilib. Bəziləri isə hesab edir ki, toylara  icazə veriləndən sonra yoluxma sayı artacaq. Digər tərəfdən, toyların keçirilməsi şərtləri bəzi vətəndaşlar tərəfindən narazılığa səbəb olub. 

Həkim-infeksionist Nilufər Məmmədova həm epidemioloji vəziyyət barədə, həm də insanları narahat edən suallarla bağlı “Yeni Müsavat”a danışıb: "Bu qərarlar  tək Azərbaycanda yox, dünya üzrə xəstəliyin yayılma statistikasına baxaraq və digər ölkələrin təcrübəsinə dayanaraq verilib.  O ki qaldı toyların tarixinə beş gün qalmış portala daxil edilməsinə, buna müsbət tərəfdən baxmaq lazımdır. Əgər kimdəsə testin cavabı pozitiv çıxıbsa, bunu gizlədərək toya gələ bilər. Ona görə bu şəxslər haqqında portala məlumat daxil olması dərhal bizə xəbər verəcək ki, bu şəxsin adı portalda var və toya gedə bilməz, çünki xəstədir. Ona görə də toya xəstələrin gəlməsinin bir tərəfdən qarşısını alacaq, ikinci bir tərəfdən, əgər toyda bir neçə ailə üzvü arasında yoluxma halı toydan sonra qeyd olunduqda artıq orada təmaslar müəyyənləşmiş olacaq. Bu baxımdan düşünürəm ki, bu çox doğru və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş bir addımdır".

İnfeksionist son vaxtlar insanların qapalı yerlərdə maskadan imtina etməsinə də münasibət bildirib: “Temperaturun yüksək olması ilə əlaqədar insanlar maska taxmaq istəmirlər. Ancaq biz yenə də xalqımıza üz tutub deyirik ki, pandemiya hələ bitməyib. Baxmayaraq, ki, Azərbaycanda yoluxma sayı bəzi günlərdə sıfıra düşsə də, dünya üzrə bu xəstəlik bitməyib. Rusiyadakı vəziyyəti göz önünə gətirsinlər. Əhalidən çox xahiş edirik ki, maskadan  maksimal dərəcədə doğru istifadə etsinlər, bu qaydalara düzgün riayət etməyə çalışsınlar. Yenə də əsas bizim beş qaydamız var. Hər nə olursa-olsun bu beş qızıl qaydaya - maska taxmaq, sosial məsafənin gözlənilməsi, qapalı məkanların tez tez havalandırılması, əl gigiyenasının saxlanılması və vaksinasiya olunmağa  riayət olunsun”.

https://musavat.com/news/yeni-virus-tehlukesi-ve-toylara-icaze-infeksionistden-cagiris_809753.html

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?