Ağız boşluğunun kandidozu | infeksion xəstəliklər

Ağız boşluğunun kandidozu

Ağız boşluğunun kandidozu

Ağız boşluğu kandidozu zamanı Candida növündən olan maya göbələkləri ilə, əsasən C albicans, ağız boşluğu toxumalarının yerli yoluxması baş verir . Bu, ocaqlı və sistemli immun çatışmazlığı ilə təzahür edən, əsasən uşaqlarda və yaşlılarda ən çox rast gələn ağız boşluğunun göbələk mənşəli infeksiyasıdır. Buna baxmayaraq, Candida insanlarda mədə-bağırsaq və sidik-cinsiyyət traktlarının normal florası hesab olunur, ancaq selikli qişaların yerli infeksiyası (ağız boşluğu və udlaq kandidozu, ezofagit, vulvovaginit), ocaqlı invaziya (endoftalmit, meningit, endokardit) və disseminasiya (kandidemiya) kimi təzahür edə bilər.

Etiologiya

Ağız boşluğu və udlaq kandidozu ilə qeydə alınan xəstəlik hadisələrinin əsas səbəbi Candida albicans-dır . Bu, kürəşəkilli və yumurtavari maya hüceyrələrindən və ya uzanmış mitseliy formalardan ibarət olan və epitelial toxumalara nüfuz edən dimorf göbələkdir. Həm maya, həm də mitseliy formalarının Candida infeksiyası ilə birgə təzahür etməsinə baxmayaraq (əsasən eritematoz tiplərdə), səthi toxuma invaziyası yarandığı hallarda, mitseliy transformasiyası patogenlik göstərə bilər. 

Xəstəlik hadisələrinin kiçik bir qrupu ≥1 alternativ növlər nəticəsində yaranır və həmin növlərə C glabrata , C tropicalis , C parapsilosis , C guilliermondii , C krusei və ya C dubliniesis aiddir. Residiv infeksiya zamanı, xəstələrdə ştammların , növünün yeni genotipi ilə əvəzlənməsi və ya qeyri- albicans olanCandida meydana çıxa bilər. Indi müəyyən edilmişdir ki, bu cür dəyişikliklər residiv infeksiyanın inkişafına və xüsusilə azol qrupundan olan dərman preparatlarına qarşı rezistentliyə gətirib çıxara bilər.

Patofiziologiya

Infeksiyanın inkişafı üçün bir sıra hadisələrin baş verməsi tələb olunur: tiqmotropizm (kontakt həssaslıq) və epitelial hüceyrələrə birləşmə, həmçinin, proteaza fermentlərinin daha spesifik olan fosforilaza B və aspartil proteinazaların ifraz olunması vasitəsi ilə hüceyrələrarası nüfuzetmə.

Məlumdur ki, Candida infeksiyasının kolonizasiya və ağız boşluğu toxumalarını yoluxdurmaq qabiliyyəti üçün daşıyıcının immun reaksiyasının spesifik yerli və sistemli defektlərinin mövcud olması tələb olunur. Sağlam insanlar arasında ağız boşluğu mühitinin göbələk əleyhinə xüsusiyyətlərinə kollektiv şəkildə cavabdeh olan bir neçə immunoloji və qeyri-immunoloji müdafiə mexanizmləri var. Bunlar arasında:

  •  Tüpürcəyin bir neçə xüsusi inqredientləri vardır (aşağıya bax)
  •  Antimikrob zülalların mövcudluğu
  •  Candida infeksiyasının artımının ağız boşluğu keratinositləri tərəfindən inhibisiyası
  •  C albicans infeksiyasına bağlı T-hüceyrə ilə əlaqəli ləng tipli hiperhəssaslıq . 

Tüpürcəyin qeyri immunoloji cəhətlərinə aiddir:

  •  Musin və proteoqlikanlarla asanlaşan mexaniki təmizləmə
  •  Neytral pH-a yaxın mühit, göbələyin epitelial səthlə təmasını və C albicans’ın virulentik genlərinin təsirini azaldır
  •  Lizosim, laktoferrin, histatinlər, kalprotektin və sekretor leykosit proteaza inhibitorları kimi antibakterial zülallar.

Tüpürcəyin tərkibində, həmçinin, Candida üçün spesifik IgA və IgA vardır, lakin immun defisitli insanlarda onların kandidoz artımın inhibisiyasındakı effektivliyi aydın deyil. 

Keratinositlər C albicans infeksiyasına qarşı fiziki baryer yaratmaqdan əlavə , həmçinin, bir neçə böyümə faktorları və sitokinlər ifraz edir. Bunlar da öz növbəsində epitelial səthin iltihablı reaksiyasında həlledici rol oynayır. 

Nəhayət, dəyişməmiş T-helper hüceyrəsi 1 (Th1) CD4+ , infeksiyasına cavabı və CD4+ T-hüceyrəsinin monosit/makrofaq və polimorfnuklear (PMN) funksiyalarının artmasının, ağız boşluğu və udlaq kandidozunun klirensində zəruri olduğunu göstərir. 

Kliniki əlamətlər

Psevdomembranoz kandidoz

Bu yaralar ağız boşluğunun selikli qişasına kifayət qədər birləşmiş ağ və ya sarımtıl ərplər kimi özünü büruzə verir. Səthi ağ ərplərin qaşınaraq təmizlənməsinin mümkün olması psevdomembranoz tipin köməkçi kliniki əlamətlərindən biri sayılır. Ərpin, qaşınaraq götürülməsi zamanı eritematoz və ya qanayan səth görünə bilər. Baxmayaraq ki, yaralar ağız boşluğunun selikli qişasının istənilən hissəsində ola bilər, onlara əsasən damaq, yanaqların selikli qişası və dilin arxa və yan hissələrində təsadüf edilir. Adətən, simptomlar minimal olur.

Eritematoz kandidoz

Bu tip kandidoz zamanı ağız boşluğunda həssaslıq və göynədici ağrı müşahidə oluna bilər. Yanaşı olaraq, qida borusunun kandidoz infeksiyası olan zaman xəstə disfagiya və odinofagiyadan (udma zamanı yaranan ağrılar) şikayət edə bilər. Yaralar damaqda atrofik, al qırmızı və hamar şəkildə, həmçinin, dilin arxa hissəsində sapabənzər məməciklərin qeyri-homogen itirilmə zonaları kimi və ya yanaqların selikli qişasında qırmızı səpgi zonaları şəklində meydana çıxırlar.

Diş protezi səbəbli stomatit

Çıxarılan diş protezləri səbəbli olur. Yaralar protezi əhatə edən zonada hamar, məxməri və ya düyünlü eritema şəklində meydana çıxa bilər.

Risk faktorları

Əksər hallarda risk faktorları anamnez və ya müayinədən bəlli olur, misal üçün İİV infeksiyası, hiposalivasiya/kserostomiya, diş protezlərinin istifadəsi, pis qidalanma, terminal mərhələdə olan bədxassəli patologiya, xərçəngə qarşı kimyəvi terapiya və ya şüa terapiyası, hamiləlik və ya yaxın zamanlarda aparılan immunosupressiv və ya antibiotik terapiyası. Ağız boşluğu kandidozu olan böyüklərdə açıq-aşkar risk faktorları olmadığı halda, aşağıda qeyd edilən tədqiqatlar məsləhət görülə bilər:

  •  Diabeti istisna etmək məqsədi ilə sidiyin analizi, təsadüfi zamanda və ya acqarına qanda qlükozanın səviyyəsinin ölçülməsi
  •  İİV sınağı
  •  Sialometriya
  •  Endokrinopatiyanı istisna etmək üçün elektrolit paneli (şəkərli diabet, hipoparatireoz, hamiləlik, hipoadrenalizm).

Hətta ağız boşluğu və udlaq kandidozuna uyğun tibbi risk faktorları olan xəstələrdə ağız boşluğu tərəfindən simptomların olmadığı halda belə, simptomsuz yaraların olması ehtimalını nəzərə alaraq, tibbi müayinə məsləhət görülür. Bu, əsasən zəif immunitetli xəstələrə aiddir, çünki müalicə olunmayan ağız boşluğu və udlaq kandidozuna məruz qalanlarda yerli invaziya və ya disseminasiya müşahidə oluna bilər.

Diaqnostika

Ağız boşluğu kandidozunun diaqnozu səthi yaxma nümunələrinin mikroskop ilə müayinəsi vasitəsilə qoyulur. Kalium hidroksidin yaş yaxması hazırlanaraq əşya şüşəsi ilə mikroskop altında birbaşa cərrahiyyə əməliyyatı zamanı baxıla bilər. Bu, çox vaxt ilkin tədqiqat olur. Hər halda, əgər həkim əməliyyat zamanı bu müayinəni icra etmək imkanına sahib deyilsə və ya daha ətraflı müayinə tələb olunursa, bu zaman yaxma nümunəsi laboratoriyaya göndərilir və yaralardan qaşınan nümunələrin dövri turşu-Schiff üsulu ilə boyanması və yaCandida göbələyinin maya növünün və ya mitselinin mikroskopik vizualizasiyası tələb edilir. Eritematoz kandidoz zamanı səthi Candida mitselisi az miqdarda olduğu halda, psevdomembranoz növdə çoxsaylı olur və yaxma testinin pozitiv nəticə ehtimalı yüksək olur.

Müalicə

Müalicənin əsas məqsədi xəstədə olan diskomfortun azaldılması, həyat keyfiyyətinin artırılması və qida qəbulunun asanlaşdırılmasından ibarətdir. Zəif immunitetli şəxslərdə adekvat qidalanma və hidratasiya vacib şərtlərdən biridir.

Əlavə olaraq, ağır immun defisitli və ya zəifləmiş xəstələrdə müalicə olunmamış ağız boşluğu və udlaq kandidozu yerli invaziya və ya disseminasiya ilə nəticələnə bilər. Beləliklə, erkən diaqnoz, nəzarət və infeksiyanın müşahidəsi zəruridir.

Diş protezi səbəbli xəstəlikdə müalicənin tam effektiv aparılması üçün protezlərin intensiv dezinfeksiyası tövsiyə edilir.  Diş protezlərinin köpüklənən tabletlər və ya ferment məhlulları vasitəsilə təmizlənməsi lehinə elmi dəlillər çox azdır. Diş protezlərinin pasta ilə fırçalanmasının ərpin təmizlənməsində və mikrobların məhv edilməsində passiv müalicə ilə müqaisədə daha effektiv olduğu göstərilmişdir. 

Dərc edilmiş təlimatlarda diş protezlərindən yuyulma və qeyri-abraziv protez təmizləyicisi ilə fırçalanaraq bakterial biofilmin (mikroorqanizmlərin nazik təbəqəsi) təmizlənməsinin, diş protezi səbəbli stomatitin profilaktikasında effektiv üsul olduğu qeyd edilir. Onlar, həmçinin, diş protezlərinin davamlı istifadəsini (sutkada 24 saat) tövsiyə etmir, çünki istifadə müddətinin qısalması diş protezi səbəbli stomatitin riskini azaldır. 

 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin

Anonim
2023-02-03 21:28:26

Salam mene bu xestelike bagli hansi mualice usulunu tovdiyye ederdiniz?










Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?