Amöbiaz | infeksion xəstəliklər

Amöbiaz

Amöbiaz

Amöbiazın törədicisi Entamoeba histolytica parazitidir. Bu törədici ishal və kolitə səbəb olur. İnfeksiyanın bağırsaqdan yayılması qaraciyər absesi ilə nəticələnə bilər (hematogen disseminasiya vasitəsilə). Qaraciyər absesindən törədicinin yayılması plevra və perikard boşluqlarında patoloji mayenin yığılmasına səbəb ola bilər. Nadir hallarda beyin absesi əmələ gələ bilər.

Gəlir səviyyəsi aşağı olan ölkələrdə amöbiaz körpələrdə ishalın əsas səbəblərindəndir. Amöbiaz həmçinin, ishal və/və ya kəskin, yaxud 1 həftədən artq davam edən dizenteriya ilə təzahür edən kolitə səbəb ola bilər. Qarın nahiyəsində ağrı və çəkinin itirilməsi amöb koliti üçün xarakterikdir.

Qaraciyərin amöb absesi sağ qabırğaaltı nahiyədə ağrı ilə özünü göstərir. İshalla təzahür etməyə bilər, lakin anamnezdə adətən ishal olur.

Nadir hallarda baş beyin absesi törədir.

Bir çox xəstələrdə əlamətlərin meydana çıxmasından əvvəl 12 ay ərzində endemik ərazilərə səyahət və ya belə yerdə yaşamaq aşkar olunur.

Diaqnoz nəcisdə Entamoeba histolytica törədicisinin antigeni və ya DNT-sinin, yaxud da qan zərdabında parazit əleyhinə anticisimlərin aşkarlanması vasitəsilə təsdiq olunur.

Müalicə nitroimidazollar (metronidazol və ya tinidazol da daxil olmaqla) aparılır və residivlərin profilaktikası üçün paromomisin və ya diloksanid furoat kimi bağırsaq boşluğuna təsir göstərən preparatlarla davam etdirilir.

Etiologiya

Amöbiaz nəcislə çirklənmiş qida və suyun daxilə qəbulu vasitəsilə Entamoeba histolytica törədicisinin sistalarının orqanizmə düşməsi zamanı baş verir. Yoluxma, həmçinin, cinsi əlaqə və ya nəcislə çirklənmiş əşyalarla təmas zamanı dolayı yolla da baş verə bilər. Sistalar ətraf mühit amillərinə, xlorlu məhlullara və qurudulmaya dözümlüdürlər.

Simptomlar

İshal və ya qaraciyər absesi olan və son 12 ay ərzində endemik ərazilərə səyahət edən və ya orda yaşayan istənilən şəxsdə amöbiazın olma ehtimalı nəzərə alınmalıdır. Yoluxma riski altında olan digər qruplara iş kollektivlərində çalışanlar və kişilərlə cinsi əlaqədə olan kişilər aiddir.

Bir çox hallarda xəstəlik yarımkəskin formada təzahür edir. Əsas simptomlara bir neçə gün və ya daha artıq davam edən ishal və qarında ağrı aiddir. Entamoeba histolytica törədicisinin səbəb olduğu ishal, adətən, az qanlı və ya selikli olur və buna görə də müxtəlif enteropatogenlər tərəfindən törədilən ishaldan fərqlənmir. Xəstələr nəcisdə qanın olmasını qeyd edə bilərlər. Xəstələrin 50%-i çəkinin azalmasından şikayət edir.  20-40 yaşlı kişidə sağ qabırğaaltı nahiyədə ishalla müşayiət olunan və ya olunmayan ağrı qaraciyərin amöb mənşəli absesinin göstəricisi ola bilər. Baş beyin absesi olduqda, xəstələr psixi durumun pozulmasını qeyd edə bilər.

Diaqnoz

Hərarət bağırsağın infeksiyalaşması zamanı nadir, lakin qaraciyərin infeksiyalaşması zamanı tez-tez müşahidə olunur. İnfeksion prosesə qaraciyər qoşulduqda, sarılıq, sağ qabırğaaltı nahiyədə ağrı və hepatomeqaliya müşahidə oluna bilər. Qaraciyər abseslərindən infeksiya plevra və perikard boşluğuna yayıla (nadir), plevrit və perikardit əlamətləri ilə nəticələnə bilər. Dalaq absesi amöbiazın nadir təzahür formasıdır. Baş beyin absesi olan xəstələrdə ətraflarda zəiflik kimi nevroloji əlamətlər müşahidə oluna bilər.

Laborator müayinələr

Kliniki əlamətlərə əsasən amöbiaza şübhə yarandıqda, yekun müayinə üsulu kimi nəcis nümunəsində E histolytica törədicisinin II antigeninin təyinindən istifadə edilir (TechLab). Bu dəst E histolytica törədicisi üçün spesifik olan yeganə müayinə dəstidir; digər aşkarlayıcı dəstlər E histolytica – E dispar – E moshkovskii növlərini kompleks şəkildə təyin edir.  
Əgər antigenin aşkarlanması mümkün deyilsə, E histolytica törədicisinin müəyyən edilməsi zamanı nəcisin yüksək həssaslıq və spesifikliyə malik PZR və real vaxt rejimində miqdari PZR müayinəsi altenativ üsul kimi tətbiq olunur.  Qaraciyər absesi və bağırsaq infeksiyası zamanı sidik və ağız suyu nümunələrində E histolytica törədicisinin DNT-sinin real zamanlı PZR üsulu ilə müayinə nəticələrinin həssaslığı müvafiq olaraq, 97% və 89% təşkil edir. 

Amöb mənşəli patologiyaya şübhə olduqda, xüsusilə, ishalla müşayiət olunmayan amöb mənşəli abseslər ehtimal olunduqda, zərdabda E histolytica törədicisinə qarşı anticimlərin təyininə yönəlmiş müayinə aparılmalıdır.

Qaraciyər abseslərində etiologiyanı aydınlaşdırmaq üçün aspirat götürülməlidir. İnfeksiyanın amöb mənşəli olduğunu təyin etmək üçün irin materialı PZR və ya qPZR üsulları vasitəsilə, piogen etiologiyanı müəyyən etmək üçün isə əkmə üsulu ilə analiz olunmalıdır. 

Mikroskopiya amöbiaz diaqnozunun qoyulması üçün spesifik müayinə üsulu deyil, belə ki, E histolytica sistaları və trofozoitləri E dispar və E moshkovskii törədicilərinin bu formalarından fərqlənmir. Buna baxmayaraq, nəcisin yumurta, hüceyrə, sista və parazitlərə görə mikroskopik müayinəsi əlçatan üsuldur və digər infeksion səbəbləri də aşkarlaya bilər. Eritrofaqositar trofozoitlərin mövcudluğu E histolytica infeksiyası üçün xeyli səciyyəvidir.

Müalicə

Bütün Entamoeba histolytica infeksiyası halları müalicə olunmalıdır.  Amöbiaz potensial ölümcül xəstəlik olduğu üçün, diaqnoza şübhə yarandıqdan və müayinə üçün material götürüldükdən dərhal sonra müalicəyə başlanılmalıdır.

Simptomlar müşahidə edilən xəstələrə ilkin olaraq, nitroimidazol (metronidazol və ya tinidazol) təyin olunmalıdır.  Nitroimidazolların hüceyrəyə nüfuzetməsi çox yüksəkdir və infeksiyanın həm mənfəzdaxili, həm də invaziv formalarında effektivdirlər. Amöb əleyhinə preparatların bu sinfinə qarşı rezistentlik aşkar olunmayıb. Bağırsaqda kolonizasiyanın kökünü kəsmək və residivlərin profilaktikası üçün müalicə boşluqdaxili təsir göstərən (paromisin və diloksanid kimi) preparatlarla davam etdirilməlidir. Əlavə təsirləri fərqli olsa da,  bu dərmanların bir çoxunun əlavə təsirləri ümumiyyətlə çox azdır, lakin, bununla müqayisədə, xəstəliyin potensial ölümlə nəticələnməsi mümkündür.

Gələcəkdə xəstəliyin invaziv formasının inkişaf etmə riski olduğu üçün asimptomatik xəstələrin də müalicəsi tələb olunur. Belə xəstələrdə müalicə təkcə bağırsaq boşluğunda təsir göstərən preparatlarla aparılmalıdır. 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?