Covid-19 pandemiyası yayılmağa davam etdikcə xəstələyin ağırlaşması və ya ölümün baş vermə riskinin daha yüksək olduğu populyasiyanın müəyyən edilməsi tələbatı xüsusi əhəmiyyət kəsb edir. Son araşdırmalar nəticəsində Covid-19-un ağırlıq və mortallıq səviyyəsi ilə vitamin D arasında əlaqə müəyyən edilmişdir. Vitamin D orqanizmi viral infeksiyalardan mühafizə edə və `sitokin tufanı` da daxil olmaqla Covid-19 ilə əlqəli digər simptomları yüngülləşdirə bilər.
Vitamin D barəsində olan son araşdırmalardan birində göstərilmişdir ki, 20 Avropa ölkəsində qanda vitamin D aşağı səviyyələrdə olan insanlarda Covid-19 hallarına və bununla əlaqəli mortallığa daha çox rast gəlinir. Bu ölkələrdə, xüsusilə də İspaniya, İtaliya və İsveçrədə yaşlı insanlarda vitamin D səviyyəsinin kəskin aşağı olması müəyyən edilmişdir. Bu populyasiyanın Covid-19-a daha həssas qruplardan biri olmasını nəzərə alaraq, vitamin D və xəstəliyə həssaslıq arasında əlaqənin olmasını düşünmək olar.
İndoneziyada 780 Covid-19 pasienti üzərində aparılan başqa bir retrospektiv araşdırmada ölüm hallarının çoxunda vitamin D səviyyəsinin aşağı olması müəyyən edilmiş və vitamin D statusu və mortallıq arasında güclü əlaqə olması göstərilmişdir.
Vitamin D-in immun sisteminə müəyyən təsirləri var. Əvvəlki araşdırmalarda vitamin D səviyyəsi normadan aşağı olanlarda respirator trakt infeksiyalarına qarşı həssaslığın olması göstərilmişdir. Qanda Vitamin D səviyyəsinin aşağı olmasınna müxtəlif faktorlar təsir edir. Bunlara yaşlılıq, qışda günəş şüalarının az olması, dəri piqmentasiyasının tünd olması, günəş şüaları ilə təmasın az olması və qidalanma rejimi aiddir. Vitamin D ilə zəngin qidalarla – balıq yağı, portağal şirəsi, pendir və yumurta sarısı və s. qidalanmaq, eləcə də vitamin D tərkibli əlavələrdən istifadə etməklə defisitin qarşısı alına bilər.
Avropanın şimal hissələrində yaşayan populyasiyalarda qanda vitamin D səviyyəsi daha yüksək olur. Bu, onların balıq məhsulları ilə qidalanması və daha yüksək səviyyədə vitamin D əlavələri qəbul etməsi ilə əlaqədardır. Skandinaviya millətlərində Avropanın qalan hissəsi ilə müqayisədə Covid-19 hallarına daha az rast gəlinir. Avropa ölkələri arasında ən çox yoluxma qeydə alındığı ölkələrdən biri olan İtaliyada qanda vitamin D defisiti (xüsusilə də yaşlı populyasiyada) yüksək səviyyədədir. Dərinin piqmentasiyasının artması nəticəsində günəş şüalarının təsirindən vitamin D istehsalı zəifləyir. Xəstəxanalarda və baxım evlərində yaşayan fərdlərdə qidalanma və günəş şüaları ilə təmasın az olması səbəbi ilə vitamin D defisiti daha ağır dərəcələrdə olur.
Vitamin D immun sistemin fəaliyyətində rol oynayır və yüksək miqdarda iltihabi sitokinlərin ifrazının qarşısını almaqla leykositlərin modulasiyasını təmin edir. Bu, Covid-19 mənşəli `sitokin tufanının` (cytokine storm) qarşısını almaqda yardımçı ola bilər. Vitamin D həm də ağciyərlərin zədələnməsini və kəskin respirator trakt infeksiyalarına yoluxma riskini azaldır.
Mənbə
https://www.pharmaceutical-technology.com/comment/vitamin-d-covid-19/