”Delta” | infeksion xəstəliklər

”Delta”

hindistan ştammı

Koronavirusun “Delta” ştammı Azərbaycanda 31 nəfərdə aşkarlandı. Artıq bir neçə müddət idi ki, bu ştammın bizim ölkədə də aşkarlanacağı haqda xəbərlər verirdilər. Nəzərə alınsa ki, ölkəyə gediş-gəliş sərbəstdir, bunun bizdə də olacağı qaçınılmaz idi. Bəs görəsən, bu virus nə dərəcədə təhlükəli sayılır? Narahat olmağa çoxmu əsas var? Bu ştammın ölkəmizdə aşkarlanması qapanmalara səbəb olacaqmı?  “Delta”nın xüsusiyyətləri nədir, ən çox hansı ölkədən yayılma ehtimalı var?

 Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova “Yeni Müsavat”a danışıb: “Aşkarlanan bu mutant variantın digərlərindən bizi narahat edən əsas fərqi yoluxduruculuq qabiliyyətinin çox yüksək olması və əhali arasında sürətlə yayılmasıdır.

“Delta” ştamının simptomlarına gəldikdə isə bu, digər ştamlarla oxşar olsa da, nisbətən burun axıntısı, baş ağrısı, boğaz ağrısı bu xəstəlikdə daha çox müşahidə edilir və insanlar özünü daha çox qrip və soyuqdəymə xəstəliyini keçirmiş kimi hiss edirlər. Bu ştamın digər ştammlardan fərqli olaraq yoluxduruculuq qabiliyyətinin daha yüksək olması təsdiqlənib. Əhali arasında sürətlə yayıldıqda və xəstələrin xəstəxanaya yerləşdirilməsi üçün ehtiyac yarananda mütəxəssislər qapanmalarla bağlı qərarlarda dəyişiklik edə bilərlər. Ancaq bunu zaman göstərəcək. Çünki Azərbaycanda istifadə olunan vaksinlərin bu ştamma qarşı qoruyuculuğu olduğu üçün insanların xəstəxanaya yerləşdirilmə ehtiyacı olmadığı müddətdə qapanmalara lüzum olmaya bilər".

İnfeksionist “Delta”nın Azərbaycana ən çox hansı ölkədən yayılma ehtimalı var" sualına da cavab verib: “Hazırda buna dəqiq cavab vermək biz həkimlər üçün çətindir. Çünki Azərbaycanın hava yolları ilə ölkəmizə təkcə bir ölkədən gəliş- gediş olmadığı üçün virusun hansı ölkədən yayılması ilə bağlı fikir söyləmək mümkün deyil. Əsas odur ki, bu şəxslər vaxtında aşkarlanıb, portala daxil olduqları üçün onların digər şəxslərlə kontaktının qarşısı alınıb. Bu da virusun yayılmasının qarşısını nisbətən almaq, vaxtında önləyici tədbirlər görmək baxımından önəmlidir. Təbii ki, əhali daha çox məsuliyyətli olmalıdır. Xüsusən də, bu xəstəlik, öncədən deyildiyi kimi, qapalı məkanlarda və ya havalandırma sistemi düzgün olmayan məkanlarda sürətlə yayılır.Təbii ki, bunun toylarda, məclislərdə yayılma ehtimalı daha yüksək olacaq. Bunu nəzərə alaraq insanları daha ehtiyatlı olmağa çağırırıq”.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında isə qeyd olunur ki, koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.  Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub: “Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyəti aparılan vaksinasiyaya borcluyuq. Bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq. Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur".

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlar tərəfindən “İmmunitet sertifikatı” ilə bağlı verilən suallar da cavablandırıb. İlk olaraq “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti haqda bildirilib ki, COVİD-19 xəstəliyini keçirmiş və bununla bağlı rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər: “Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən ”İmmunitet sertifikatı"nın etibarlılıq müddəti 6 ay qəbul edilib. 2 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

“Peyvənd sertifikatı” COVİD-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVİD-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVİD-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. 2 doza istənilən vaksin vurdurmaqla peyvənd sertifikatı əldə edilə bilər.

“Peyvənd sertifikatı” isə müddətsizdir. Dünyada COVİD-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq".

Qurumlar “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilərəm?" sualına da cavab verib: “Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, ”Peyvənd sertifikatı" əldə etmək olar. https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVİD-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

O ki qaldı peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına ehtiyacın olub-olmamasına, ilk olaraq qeyd edək ki, bu buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

Eyni zamanda peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Onu da qeyd edək ki, hazırda beynəlxalq səhiyyə qurumları COVİD-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir".

Qeyd edək ki, hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Hepatit E

Hepatit E

NİLUFƏR MƏMMƏDOVA

Sinkop (bayılma)

Quduzluq

Quduzluq

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?