İnfeksion endokardit

İnfeksion endokardit

İnfeksion endokardit

Kliniki mənzərəsi çox vaxt qeyri-spesifik olur və ən çox qızdırma rast gəlir.

Anamnezdə boşluqdaxili kateter, son vaxtlarda aparılmış stomatoloji müayinə və venadaxili narkotik maddələrdən istifadə kimi bakteremiya mənbələri nəzərdən keçirilməlidir.

Çox vaxt simptomlar az və müayinə qeyri-informativ olur, lakin ürəkdə küy, periferik emboliya, Osler düyünləri, Rot ləkələri və ya Ceynvey xoraları aşkar edilə bilər.

Antibiotik müalicəsinə başlanılmazdan əvvəl üç dəst qan kulturası əldə olunmalıdır.

Bütün şübhəli hallarda exokardioqrafiya aparılmalıdır.

Müalicə kliniki mənzərə, kliniki aşkarlanmalar və mikroorqanizmin virulentliyinə əsaslanaraq aparılır.

İnfeksion endokardit (İE) qapaq strukturları, vətər telləri, septal defekt sahələri və ya parietal (divaryanı) endokard da daxil olmaqla ürəyin endokardial səthinin infeksiyasıdır.

Etiologiya

İE zamanı ümumilikdə törədici amillər yaxşı öyrənilmişdir və uzun müddət ərzində aparılan populyasiya tədqiqatlarına əsasən nisbətən stabildir. Ən çox yayılmış patogen mikroorqanizmlər aşağıda sadalanmışdır; hər hansı risk amili ilə birlikdə bunlar ən çox ehtimal olunan törədici amili göstərirlər:

  •  Viridans qrupundan olan streptokoklar
  •  Staphylococcus aureus
  •  Enterokoklar
  •  Koaqulaza-neqativ stafilokoklar
  •  Haemophilus parainfluenzae
  •  Actinobacillus
  •  Streptococcus bovis
  •  Göbələklər
  • Coxiella burnetii
  •  Brucella növü
  •  Kultura neqativ Haemophilus növlərindən fərqli olaraq, Actinobacillus actinomycetemcomitans ,Cardiobacterium hominis , Eikenella corrodens və Kingella növü (HACEK)

Venadaxili narkotik maddələrdən istifadə etməyən və TQE meydana çıxan xəstələrdə xəstəliyi, adətən, viridans qrupundan olan streptokoklar, enterokoklar və ya stafilokoklar törədir və digər patogenlər daha az rast gəlir. Venadaxili narkotik maddə istifadəçiləri çox vaxt sağtərəfli qapaq zədələnməsi ilə müraciət edirlər və onlarda S aureus , streptokoklar, qram-neqativ basillər və ya polimikrob infeksiyaların baş verməsi ehtimalı daha çoxdur.

Süni qapaq endokarditinin səbəbi əksər hallarda koaqulaza-neqativ stafilokoklar, S aureus , enterokoklar və ya qram neqativ basillərdir. Qeyd olunmalıdır ki, erkən süni qapaq endokarditi bir çox hallarda Staphylococcus epidermidis tərəfindən törədilir.

Patofiziologiya

İE tipik olaraq, ürəyin turbulent qan axını nəticəsində endotel zədələnməsi baş vermiş qapaq səthlərində inkişaf edir. Nəticədə trombositlər və fibrin altdakı kollagen səthə yapışır və tromb əmələ gəlmək üçün şərait yaranır. bakteriemiya trombun kolonizasiyasına səbəb olur və daha çox fibrin çökməsini və trombosit aqreqasiyasını möhkəmləndirir və yetkin infeksiyalaşmış vegetasiya əmələ gəlir.

Kəskin İE, adətən, daha virulent mikroorqanizmlərlə, klassik olaraq Staphylococcus aureus ilə assosiasiya olunur. Tromb törədici mikroorqanizm tərəfindən formalaşır və S aureus endotel hüceyrələrinə daxil olub adheziya molekullarının, eləcə də protrombotik amillərin təzahürünü artıra bilər.

Kliniki əlamətlər

Kəskin

Xəstələr tez-tez periferik və ya mərkəzi emboliyaya məxsus əlamət və simptomlar ilə, yaxud dekompensasiya mərhələsində olan xroniki ürək çatışmazlığının əlamətləri ilə müraciət edirlər. Ona görə də, qızdırma ilə yanaşı gedən başağrı, meningeal əlamətlər, insult simptomları, sinədə ağrı, fiziki gərginlik zamanı təngnəfəslik, ortopnoe və ya paroksizmal gecə təngnəfəsliyi ilə müraciət edən xəstələr, təcili olaraq İE-ə görə yoxlanılmalıdırlar. Artralgiya və beldə ağrı də periferik septik emboliyanın nəticəsində meydana çıxa bilər. Xəstəlik prosesi sürətlə başladığına görə klassik immunoloji xüsusiyyətlər (məs., Osler düyünləri, Rot ləkələri) çox yayılmış deyil.

Yarımkəskin

Xəstələr qızdırma, titrətmə, qeyri-spesifik sistemli simptomlar (gecə tərləmələri, əzginlik, yorğunluq, iştahsızlıq, bədən kütləsinin azalması, əzələ ağrıları) və ya ürəkdöyünmə ilə müraciət edirlər. Fiziki müayinə nəticələri çox vaxt qeyri-spesifikdir, lakin yarımkəskin endokardit zamanı Ceynvey zədələri kimi (daha çox əllərin ovuc səthi və ayaqaltında üstünlük təşkil edən hemorragik, makulyar ağrısız piləklər) klassik müayinə nəticələrinin rastgəlmə ehtimalı daha çoxdur.

Diaqnostika

Laborator tədqiqatlar

İlkin laborator testlərə qanın ümumi müayinəsi və elektrolit paneli, 1 saat fasilələrlə 3 dəst hemokultura və sidiyin ümumi analizi daxil olmalıdır. Revmatoid amil, EÇS və komplement səviyyələri də faydalı ola bilər.

Antibiotik müalicəsinə başlanmazdan əvvəl müxtəlif venepunksiya yerlərindən üç müxtəlif hemokultura alınmalıdır (birinci və sonuncu nümunələr arasında ən azı 1 saat vaxt keçməlidir). Çirklənmə riskini minimuma endirmək üçün kulturalar boşluqdaxili kateterlərdən götürülməməlidir.

Elektrokardiaqramma

EKQ çəkilməlidir, çünki infeksiyanın proqressivləşməsi aparıcı sistemin xəstəliklərinə gətirib çıxara bilər.

Exokardioqrafiya

Transezofageal exokardioqramın (TEE) əvəzinə transtorakal exokardioqramın (TTE) aparılması qərarı çox vaxt çətindir və müxtəlif təlimatlarda nəzərdən keçirilmişdir.  Təbii qapaq infeksion endokarditinin olmasına şübhə olan bütün xəstələrdə TTE ilə skrininq aparılmalıdır. Nəticə mənfi olsa və şübhə yenə də qalarsa, xəstələrdə TEE aparılmalıdır. Süni protez materialı olan şəxslərdə infeksion endokarditə şübhə olduqda, TEE üstünlük verilən exokardioqrafiya formasıdır. TEE TTE müsbət olan, lakin fəsadlara şübhə olan və ya onların ehtimalı olan xəstələrdə və kəskin infeksion endokardit zamanı ürəkdə cərrahi əməliyyatdan əvvəl də göstərişdir.

Müalicə

İlkin müalicə

İlkin müalicənin məqsədi tənəffüs yolları, tənəffüs və qan dövranına nəzarət etməkdir. Qan kulturalarının antibakterial terapiyaya başlamazdan əvvəl əldə olunması çox vacibdir, çünki bir doza mövcüd olan bakteriemiyanı maskalayır və uyğun müalicənin gecikməsinə gətirib çıxarır. Ardınca, xəstələrdə qapaq zədələnmələrinin təbiətini və dərəcəsini müəyyənləşdirmək üçün təcili exokardioqrafiya aparılmalıdır.

Geniş spektrli antibiotiklərlə müalicə tələb olunur. Tövsiyə olunan antibiotik sxemləri ölkəyə görə dəyişə bilər və yerli rəhbərliyə müraciət olunmalıdır. İnfeksion xəstəliklər üzrə mütəxəssislə müzakirə nəticəsində optimal rejim seçilməlidir. Aşağıdakı amillərin nəzərdən keçirilməsi ilkin müalicə seçiminə təsir edir:

  •  Daha əvvəl aparılmış antibiotik müalicəsi; təbii və ya süni qapaqların prosesə cəlb olunması
  •  Yerli epidemiologiya və antibiotiklərə rezistent və kultura-neqativ patogenlər barədə biliklər.
  •  Cəmiyyət, xəstəxanadaxili və ya xəstəxanadaxili olmayan səhiyyə xidməti ilə bağlı infeksiya.

Kəskin xəstəliyi olan və ya dekompensasiya olunmuş ürək çatışmazlığına xas əlamət və simptomlarla müraciət edən xəstələrdə xəstəlik daha ağır keçir. Belə xəstələr tez-tez aqressiv Staphylococcus aureus ilə kolonizasiya olunurlar və sürətlə dekompensasiya mərhələsinə girə bilərlər. Hemodinamik stabillik məqsəddir və qapaqların zədəsi dərman müalicəsi ilə bərpa oluna bilmirsə, tez-tez belə xəstələrdə təxirəsalınmaz cərrahi müdaxilə tələb olunur. Kəskin xəstəliyi olan və dekompensasiya olunmuş ürək çatışmazlığı ilə müraciət edən xəstələrdə cərrahi əməliyyat tələb olunur və ağciyər ödemini aradan qaldırmaq məqsədilə əməliyyatdan öncə venadaxili diuretiklər verilir.

Təbii qapaqlar: streptokoklar və stafilokoklar

Viridans qrupundan olan streptokoklar təbii qapaqların endokarditi zamanı başlıca səbəb olaraq qalır. Bunlar penisillinə həssas və ya nisbətən penisillinə rezistentdirlər. Antibiotik rejimlərinə beta-laktam (gentamisinlə və ya onsuz) və ya vankomisin aiddir. Təbii qapaqları olan xəstələr adətən 4-6 həftə ərzində müalicə olunurlar.

Stafilokok endokarditi çox vaxt kəskin və destruktiv xəstəliklə nəticələnən və getdikcə artan xəstəlikdir. Metisillinə həssas S aureus (MHSA) üçün müalicə variantlarına beta-laktam, vankomisin və ya daptomisin aiddir. Metisillin rezistent S aureus (MRSA) infeksiyası vankomisin və ya daptomisinlə müalicə olunur. Bəzi ölkələrdə başqa müalicə rejimləri (məs. trimetoprim/sulfametoksazol + klindamisin) tövsiyə oluna bilər.

S aureus , venadaxili narkotik maddə istifadəçilərinin təbii qapaqlarında endokarditin ən çox rast gələn törədicisidir. Sağtərəfli endokarditi olan venadaxili narkotik maddə istifadəçilərində gentamisin beta-laktamlarla birgə təyin edildikdə, bakterisid təsirin artması qeydə alınmışdır.  Buna baxmayaraq, nefrotoksiklik riski artdığına görə bu vəziyyətdə aminoqlikozidlərdən istifadə artıq tövsiyə olunmur.

Süni qapaqlar: streptokoklar və stafilokoklar

Viridans növü süni qapaqlarda endokarditin başlıca səbəbidir. Mikroorqanizmlər, adətən, penisillinə həssasdır, lakin bəzilərində minimal inhibitor qatılığı (MİC) nisbətən yüksəkdir və buna görə də penisillinə nisbi rezistentdirlər. Antibiotik rejimlərinə beta-laktam (gentamisinlə və ya onsuz) və ya vankomisin aiddir. Süni qapaqları olan xəstələr adətən 6 həftə ərzində müalicə olunurlar.

S aureus endokardit infeksiyaları bir çox hallarda sürətlə proqressivləşirlər və letallıq göstəricisi 45%-i ötür. Metisillinə həssas S aureus (MHSA) üçün müalicə variantlarına beta-laktam, vankomisin və ya daptomisin aiddir. Lakin təbii qapaqların infeksiyasından fərqli olaraq, S aureus infeksiyası zamanı müalicə rejimlərinə aminoqlikozid və rifampisin əlavə olunur.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Ləmblioz

Ləmblioz

Sarı qızdırma

Sarı qızdırma

Leyşmanioz

Leyşmanioz

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?