Meymun çiçəyi | infeksion xəstəliklər

Meymun çiçəyi

Meymun çiçəyi,  monkeypox,  çiçək xəstəliyinə, suçiçəyi

Meymun çiçəyi – yoxsa yeni pandemiya təhlükəsimi var?

   İnsanlarda meymun çiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 yaşlı bir uşaqda aşkar edilmişdir. 2003-cü ildə Afrikadan kənarda ilk dəfə meymun çiçəyinə yoluxma halı ABŞ-da endemik bölgədən gətirilmiş ev heyvanları ilə təmas nəticəsində qeydə alınmışdır. Bu epidemiya ABŞ-da 70-dən çox meymun çiçəyi ilə yoluxma halına səbəb olmuşdur. Yoluxma halları növbəti illərdə də səyahət edənlər arasında rast gəlindi. 2022-ci ilin may ayında bir neçə qeyri-endemik ölkədə meymun çiçəyi xəstəliyi müəyyən edildi və xəstəliyin təyin edildiyi ölkələrin sayı günbəgün artmaqda davam edir.

   Meymun çiçəyi virusu təbii çiçəklə eyni ailəyə - Poxviridae ailəsinə, Orthopoxvirus cinsinə mənsubdur. DNT tərkiblidir, zoonozdur, heyvanlardan, məsələn gəmirici və primatlardan insana yoluxa bilir. Təbii çiçəkdən fərqli olaraq yoluxdurma qabiliyyəti aşağıdır, əksərən ölümcül deyil və yüngül formada təzahür edir. Daha çox Mərkəzi və Qərbi Afrika bölgəsinin tropik meşələrində rast gəlinən virusdur, lakin digər ərazilərə də yayıla bilir. Meymun çiçəyi virusunun iki tipi var - Mərkəzi Afrika (Konqo hövzəsi) və Qərbi Afrika. Mərkəzi Afrika tipi daha ağır xəstəliyə səbəb olur.

   Yoluxmuş şəxslər və ya heyvanlarla yaxın təmas, viruslu əşyalara toxunmaqla xəstəlik digər şəxslərə yoluxur. Alimentar, transmissiv, transplasentar yoluxma yolları da istisna edilmir. Cinsi yolla yoluxma ehtimalı üzərində araşdırmalar davam edir.

   Meymun çiçəyinin inkubasiya dövrü orta hesabla 6-13 gündür, lakin 5-21 gün arasında da dəyişə bilər. Meymun çiçəyinə yoluxmuş şəxslərdə xəstəlik özünü halsızlıq, qızdırma, baş və əzələ ağrısı, üz və ətraflarda, ovuc və ayaq altında, bəzi hallarda ağız boşluğu, cinsiyyət orqanı və konyunktivada səpgilər, limfa düyünlərinin böyüməsi ilə göstərir və 2-4 həftə davam edir. Səpgilərin xarakteri makula→papula→vezikul→pustula→qabıq şəklindədir. Nadir hallarda ağırlaşma (ikincili infeksiyalar, bronxopnevmoniya, sepsis, ensefalit və korluqla nəticələnən buynuz qişanın infeksiyası ) baş verir, immun çatışmazlığı olan şəxslər risk qrupuna aiddir. Ölüm halları 3-6 % təşkil edir.

   Digər səpgili xəstəliklərlə - su çiçəyi, qızılca və s. ilə oxşarlıq təşkil etsə də, limfadenopatiya bu xəstəliyin əsas fərqləndirici xüsusiyyətidir. Şübhəli hal aşkarlandıqda dərhal nümunə götürülməli və laboratoriyaya göndərilməlidir. Seroloji diaqnostika üsulları – antigen və anticismin müəyyən olunması spesifik deyil, ortopoxviruslardan olan digər viruslarla çarpaz reaksiya və ya təbii çiçək vaksini almış şəxslərdə qeyri-informativ müsbət nəticələr mümkündür. Diaqnostika üçün səpgidən götürülmüş materialın PZR (polimeraza zəncirvari reaksiyası) müayinəsindən istifadə olunur.

   Müalicə xəstəyə optimal qulluqdan, qidalanma rejiminə əməl edilməsindən ibarətdir və ikincili infeksiya rast gəlinərsə dərhal tədbir görülməlidir. Çiçək xəstəliyi üçün hazırlanmış tecovirimat kimi tanınan antiviral preparat 2022-ci ildə heyvanlar və insanlar üzərində aparılan tədqiqatlar əsasında Avropa Tibb Assosiasiyası tərəfindən meymun çiçəyi üçün lisenziya almışdır, lakin hələ istifadəsi geniş yayılmayıb.

   Şübhəli və ya təsdiqlənmiş meymun çiçəyi virusu infeksiyası olan xəstələrə qulluq edən və ya onlardan nümunələr götürən tibb işçiləri infeksiyaya qarşı standart tədbirlər görməlidir. Mümkünsə, xəstəyə qulluq etmək üçün əvvəllər çiçək xəstəliyinə qarşı peyvənd edilmiş şəxslər seçilməlidir. Meymun çiçəyi virusuna yoluxma ehtimalı olan insanlardan və heyvanlardan götürülmüş nümunələrlə iş müvafiq təchiz olunmuş laboratoriyalarda işləyən təlim keçmiş işçilər tərəfindən aparılmalıdır. Xəstə nümunələri ÜST-nin yoluxucu maddələrin daşınması üzrə təlimatına uyğun olaraq üçqat qablaşdırma ilə daşınmaq üçün təhlükəsiz hazırlanmalıdır. Xəstə və ya ölü heyvanlarla, o cümlədən onların əti, qanı və digər hissələri ilə təmasdan çəkinmək lazımdır. Bundan əlavə, ət məhsulları olan bütün qidaları yeməkdən əvvəl yaxşıca bişirilməlidir.

   Çiçək xəstəliyinə qarşı peyvəndin meymun xəstəliyinin qarşısının alınmasında təxminən 85% effektiv olduğu tədqiqatlarla sübut olunmuşdur. Beləliklə, əvvəllər çiçək xəstəliyinə qarşı peyvənd olanlarda daha yüngül xəstəlik müşahidə oluna bilər. Çiçək xəstəliyinə qarşı əvvəllər peyvənd olunduğunu qolun yuxarı hissəsindəki çapıq göstərir. Hal-hazırda çiçək xəstəliyinə qarşı peyvənd geniş istifadə olunmur. Bəzi laboratoriya və tibb işçiləri iş yerində ortopoxviruslara məruz riski olduqda profilaktika üçün yeni bir çiçək peyvəndi almış ola bilərlər. 2019-cu ildə meymun çiçəyinin qarşısının alınması üçün daha yeni iki dozalı peyvənd təsdiq edilib.

   Meymun çiçəyi virusu qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Keçmişdə çiçək xəstəliyinə qarşı peyvənd qoruyucu olsa da, bu gün xəstəliyin aradan qaldırılmasından sonra dünyada çiçək xəstəliyinə qarşı peyvənd kampaniyalarının dayandırılması səbəbindən meymun xəstəliyinə həssaslıq artmış ola bilər 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Hepatit D

Hepatit D

Xlamidioz

Xlamidioz

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?