Sinkop (bayılma) | infeksion xəstəliklər

Sinkop (bayılma)

NİLUFƏR MƏMMƏDOVA

Sinkop və ya bayılma beyinə qan axınının azalması səbəbindən meydana gələn və demək olar ki, hər yaşda rastlana bilən bir vəziyyətdir.

Səbəbləri kliniki təzahürü

Reflekslə-əlaqəli və ya vazovaqal bayılma

Vazovaqal reaksiya (= sadə ürəkgetmə) bayılmanın ən geniş yayılmış səbəbidir.

Klassik hallarda ürəkgetmənin səbəbi hər hansı xarici amil təsiri hesabına oyanan refleksdir, bu refleks nəbzin yavaşıması, arterial qan təzyiqin aşağı düşməsi və ya hər ikisinin baş verməsinə gətirib çıxarır. Ürəkgetmə residivləşən ola bilir və adətən pasientdə prodromal simptomlar inkişaf edir. Pasientin ürəyi anatomik cəhətdən sağlamdır.

Təkanverici amillər

ağrı, qorxu, xoşagəlməz yaşantılar (inyeksiyalar və qan nümunəsinin götürülməsi, qan gördükdə)

ürəkbulanma və qusma

sidik ifrazı (sidik ifrazı zamanı bayılma), defekasiya

öskürək (öskürək zamanı bayılma)

ayaq üstə dayanma (xüsusən baldırın "əzələ pompası" fəaliyyət göstərmədikdə)

kifayət qədər maye və ya duz qəbul edilməməsi

temperaturun yüksək olması və ya güclü tərləmə

Prodromal simptomlar

ayaq üstə vəziyyətdə dayanıqsızlıq (yellənmə, hərəki narahatlıq, göz almalarının qaydasız hərəkətləri)

solğunluq

ürəkbulanma və ya tərləmə, zəiflik

görmə sahəsinin daralması və ya görmənin bulanıqlaşması

Karotid sinusun hiperhəssaslığı: diaqnoz EKQ monitorinqi zamanı sinusun massajı əsasında müəyyən olunur. Adətən başın döndərilməsi bayılmaya səbəb olur.

Atipik reflekslə-əlaqəli adlandırılan və prodromal simptomlar və ya təkanverici amillər olmadan inkişaf edən bayılma nadir rast gəlinir. Diaqnoz digər səbəblərin istisna edilməsindən sonra və karotid sinusu masajı və tilt testi (passiv ortostatik sınaq) nəticələri pozitiv olduqda qoyulur.

Kardiogen bayılma

Reflekslə-əlaqəli bayılmadan fərqli olaraq, kardiogen bayılma həmişə təhlükəlidir. Daha çox hallarda bu ürəkdə struktur çatışmazlığının simptomudur, lakin, ion kanallarının anadangəlmə patologiyası nəticəsində də baş verə bilər (məs, uzun QT sindromu, Bruqada sindromu).

Kardiogen bayılma tipik hallarda fiziki hərəkətlər zamanı müşahidə edilir və çox zaman yaranmasından öncə ürəkdöyünmə və ya döş qəfəsində ağrı qeyd olunur.

Aritmogen bayılma

Bradiaritmiyalar: ağır dərəcəli sinus düyünü zəifliyi və üçüncü dərəcəli atrioventrikulyar blokadalar (uzun PQ intervalı və His dəstəsi ayaqcığının blokadası ürəyin tam blokadasının qısamüddətli epizodlarının göstəricisi ola bilər).

Taxiaritmiyalar: ventrikulyar taxikardiya, paroksizmal mədəciküstü taxikardiya (Volf-Parkinson-Uayt sindromu), həmçinin yaşlılarda qulaqcıqların fibrilyasiyası (QF). Anadangəlmə uzun QT intervalı və dərmanla-induksiya olunan proaritmiya (piruet tipli taxikardiya və ya "torsades de pointes") bayılmanın mümkün səbəbləri kimi diqqətdə saxlanılmalıdır.

Kardiostimulyatorun və ya implantasiya edilmiş kardioverter-defibrilyatorun düzgün işləməməsi

Miokard infarktı keçirmiş pasientdə bayılmanın səbəbi, bunun əksi təsdiq edilməyənə qədər, həmişə mədəcik taxikardiyası (MT) hesab edilməlidir.

Digər kardiogen bayılmalar

Kəskin koronar sindrom

Ağır aortal stenoz (müalicə edilmədikdə proqnoz qeyri-qənaətbəxşdir)

Hipertrofik kardiomiopatiya (ailə anamnezi toplayın)

Ürəyin tamponadası (postperikardiotomiya sindromu)

Ağciyər emboliyası

Qulaqcığın miksoması

Kardiogen bayılma epizodlarının təkrarlanma riski yüksəkdir, müalicə aparılmadıqda, proqnoz qeyri-qənaətbəxşdir. Bu səbəbdən belə pasientlər konsultasiya və müalicə üçün həkim-mütəxəssislərə yönləndirilməlidir (terapevt, kardioloq).

Nevroloji bayılma

Epileptik qıcolma

Beyin qan dövranı pozulmaları (keçici işemik həmlə )

Avtonom neyropatiya

Dərmanla-induksiya olunan bayılma

    Hipotenziv dərman preparatları

        Nitroglycerin-in təsiri nəticəsində bayılma yaşlılar arasında, xüsusən də çox hallarda dərman qan təzyiqinin artıq aşağı olduğu vəziyyətdə, ümumi halsızlıq və ya zəiflik kimi qeyri-müəyyən simptomlar fonunda qəbul edildiyi üçün tez-tez rast gəlinir.

        Antihipertenziv dərman preparatları

        Prostat vəzi hipertrofiyası zamanı tətbiq edilən dərman preparatları(alfa blokatorlar)

        Erektil disfunksiya zamanı tətbiq edilən dərman preparatları (Qeyd! Nitroglycerin-lə birgə qəbul edilməməlidirlər)

    Bradikardiyaya səbəb olan dərman preparatları

        Beta-blokatorlar, kalsium-kanalı blokatorları, digoxin, antiaritmik preparatlar

    Ventrikulyar proaritmiyalara səbəb olan dərman preparatları

        IA, IC və III sinif antiaritmik dərman preparatları

        Psixoaktiv dərman preparatları (antipsixotiklər: məs., haloperidol, phenothiazine törəmələri; antidepressantlar: məs., amitriptyline və onun törəmələri)

        Bəzi antihistaminlər (terfenadine, astemizole artıq satış bazarından kənarlaşdırılmışdır)

        Bəzi antimikrob preparatları (məs., erythromycin, clarithromycin)

        Dərmanlar arasında qarşılıqlı təsirlər (QT intervalının uzanmasına səbəb olan bir neçə dərman preparatının, və ya QT intervalını uzadan dərman preparatlarının metabolizmini inhibə edən dərman vasitələrinin eyni vaxtda istifadəsi)

    Antidiabetik dərman preparatları (hipoqlikemiya huşun dumanlanmasına, və nadir hallarda bayılmaya gətirir)

    Alkoqol və qadağan olunmuş narkotik vasitələr

    Sidikqovucular, fenotiazinlər, parkinsonizm əleyhinə dərman preparatları və vazodilatatorların səbəb olduğu bayılmanın inkişaf mexanizmi, xüsusən də pasient dehidratasiyaya uğradığı halda, ortostatikdir

Hipovolemiyanın səbəb olduğu bayılma

    Sidikqovucular

    Tərləmə

    Qusma və ya ishal

    Qan təzyiqinin aşağı olması və bayılma, kəskin bağırsaq qanaxması və uşaqlıqdankənar hamiləliyin ilk təzahürləri ola bilər.

Ortostatik hipotenziya

    Uzun müddət uzanmış vəziyyətdə qalma və qəfil ayağa qalxma

    Qızdırma və dehidratasiya

    Dərman preparatları: sidikqovucular, fenotiazinlər, nitratlar və beta-blokatorlar

    Diabetik avtonom neyropatiya

    Parkinsonizm və onun müalicəsi üçün istifadə edilən dərman preparatları

    Kəskin fazada dərhal qısa ortostatik sınaq (3 dəq) həyata keçirilməlidir.

        Sistolik qan təzyiqinin 20 mm c.süt. azalması və ya sistolik qan təzyiqinin 90 mm c.süt. olması ilə bərabər zəiflik, başgicəllənmə, asta-asta yırğalama və əzələ tonusunun azalması diaqnostik rol oynayır.

    Əzələ tonusunun azalması, kollaps və bayılma, ortostatik hipotenziyaya xüsusilə işarə edir.

Psixogen səbəblər

    Residivləşən kollapsın hər hansı digər səbəbləri aşkarlanmadıqda, psixogen səbəbin mövcudluğu nəzərdən keçirilməlidir.

Naməlum etiologiyalı bayılma

    Tək bir bayılma epizodunun etiologiyası, hətta kompleks müayinələrdən sonra belə həmişə təyin edilə bilmir (hadisələrin 25%). Belə hallarda səbəbin vazovaqal olması təxmin edilir və pasientin kardioloji problemlərə malik olmadığı halda, proqnoz qənaətbəxş hesab edilir.

Diaqnostik əlamətlər

    Cavan və praktiki sağlam pasientlərdə bayılma daha çox hallarda təhlükəsizdir, xüsusən də təkanverici amil mövcud olduqda.

    Kardioloji xəstəlik qeyd olunduqda və yaşın artması ilə ciddi bayılma ehtimalının artması ilə əlaqədar, daha detallı müayinələrin keçirilməsi zəruridir. Yaşı 50-dən yuxarı olan və kardioloji risk faktorlarına malik kişidə hətta tək bir bayılma hadisəsinin baş verməsi ciddi simptomdur.

    Təhlükəli bayılmaya işarə edən əlamətlər, simptomlar və pasient anamnezi:

        ürək xəstəliyi barədə məlumat

        döş qəfəsində ağrı, təngnəfəslik

        aritmiya simptomları (taxikardiya >160/dəq, bradikardiya < 40/dəq)

        uzun müddət davam edən hipotenziya, hətta uzanmış vəziyyətdə belə

        güclü baş ağrısı və nevroloji əlamətlər

        yaxın ailə üzvləri arasında residivləşən bayılmalar və qəfləti ölümlər.

    Kardiogen bayılmanın başlanğıcı qəfil və ya fiziki hərəkətlər nəticəsindədir. O çox zaman ürəkdöyünmə, döş qəfəsində ağrı və ya digər kardioloji simptomlarla assosiasiya olunur.

    Çox hallarda reflekslə-əlaqəli bayılmadan öncə təkanverici amil aydın şəkildə qeyd olunur.

        Başı döndərdikdə və ya geyimin yaxasının sıx olması nəticəsində yaranan bayılma karotid sinusunun hiperhəssaslığı barədə fikir yaradır.

    Aura simptomları və qıcolmalar epilepsiyaya işarə edir. Lakin qısamüddətli tonik-klonik qıcolmalar, beynin keçici işemiyasının nəticəsi ola, həmçinin kardiogen və ya hətta vazovaqal bayılma ilə assosiasiya oluna bilər. Bu halda qıcolmalar yalnız huşun itməsindən sonra başlayır.

        Şahidlərin verdiyi məlumatlar çox hallarda əhəmiyyət kəsb edir: qıcolmalar, solğunluq, nəbz, huşun yenidən bərpası, bədənin vəziyyəti və təkanverici amillər.

        Epilepsiya diaqnozu qoyulan pasientlərdə antiepileptik dərman preparatları ilə müalicəyə cavab alına bilmədikdə və daha ətraflı müayinələr aparıldıqda, bir çox hallarda onların həqiqətdə kardiogen bayılma həmlələrindən əziyyət çəkdiyi aşkarlanır.

    Birtərəfli nevroloji simptomatika TİH (tranzitor işemik həmlə) mövcudluğuna işarə edir.

    Psixogen bayılma diaqnozu, hiperventilyasiya, çoxsaylı müxtəlif simptomların mövcudluğu və ya, tutmaların tez-tez olmasına baxmayaraq, şahidlərin olmadığı halda qoyulur.

Müayinələr

    Residivləşən bayılma epizodları mənşəyi etibarilə aydın şəkildə vazovaqal deyilsə və sağlam cavan şəxsdə meydana çıxmamışsa, adətən daha ətraflı müayinələrin aparılması tələb edilir. Vazovaqal reaksiyalar, hətta tez-tez təkrarlandıqda belə, zərərsiz hesab edilir və adətən spontan aradan qalxır.

    Pasientin anamnezi və bayılmanın baş vermə şərtlərinin qeydiyyatı, əksər hallarda təhlükəsiz bayılma hadisələrinin ayırd edilməsi üçün yetərlidir ki, bu zaman genişmiqyaslı ixtisaslaşdırılmış müayinələrin keçirilməsinə ehtiyac qalmır.

    İlk bayılma həmləsindən sonra pasientə təxirəsalınmaz yardım şöbəsinə müraciət etməsi tövsiyə edilir.

    Ürək xəstələrində bayılma, demək olar ki, həmişə hərtərəfli ixtisaslaşmış müayinələrin aparılmasını tələb edir.

Pasientin anamnezi

    Bayılma həmləsinin detalları:

        Təkanverici amillər (fiziki hərəkətlər, stres və s.)

        Prodromal simptomlar (ürəkdöyünmə, döş qəfəsində ağrı, ürəkbulanma, görmə pozğunluqları, aura)

        Bayılma şahidlərinin ifadələri

        Bayılmadan sonrakı simptomlar (ürəkbulanma, dizoriyentasiya, zədələnmələr, döş qəfəsində ağrı, sidik saxlamama)

    Pasientdə ürək xəstəliyinin olub-olmadığını təyin edin.

        Kardiogen bayılmanın səbəbi, bir çox hallarda miokard infarktı, ürək çatışmazlığı və ya ürəkdə digər struktur patologiyaları ola bilər. Simptomlar adətən fiziki hərəkətlər zamanı meydana çıxır, ən çox rast gəlinən prodromal simptomlar isə ürəkdöyünmə və döş qəfəsində ağrıdır.

    Digər xəstəliklər (məs., şəkərli diabet, ağciyər və sinir sistemi xəstəlikləri)

    Dərman preparatları (reseptsiz preparatları diqqətdən qaçırmayın!)

    Ailə anamnezi: yaxın ailə üzvləri arasında residivləşən bayılma, ağır dərəcəli ventrikulyar aritmiya və ya qəfləti ölüm irsi aritmiyaya meyllik olmasına işarə edə bilər (məs., uzun QT sindromu).

Klinik müayinə

    Auskultasiya: ürəkdə küylər və yuxu arteriyası üzərində küy

    Arterial qan təzyiqi və ürək vurğularının sayı

        Arterial qan təzyiqi həmçinin pasientin ayaq üstə vəziyyətində də ölçülməlidir. Ehtiyac olduqda, ortostatik sınaq və göstəriş olarsa, nitratlara qarşı tolerantlıq testi yerinə yetirilir.

        Bayılmış şəxsin nəbzi çox zaman yavaşımış və zəif olur, və bayılma asanlıqla ürəyin dayanması ilə səhv salına bilər. Dəri tərli və solğundur. Huşun bərpa olunması zamanı, pasient yorğun və qorxmuş görünür.

    Karotid sinusunun massajı sinusun hiperhəssaslığını aşkar edəcək. Eyni vaxtda EKQ və arterial qan təzyiqi monitorinqinin aparılması ilə, yuxu arteriyası təxminən 5 saniyə massaj olunur (eyni vaxtda yalnız bir tərəf!). Sınaq həmçinin pasient ayaq üstə dayandığı vəziyyətdə də yerinə yetirilə bilər. Əhəmiyyətli dərəcəli bradikardiya, 3 saniyəlik asistoliya və ya sistolik qan təzyiqinin azalması hiperhəssaslığın göstəricisidir.

EKQ

    12-aparmalı EKQ-nin sistematik təhlili, anamnezində bayılma qeyd olunan pasient üçün birinci sıra müayinəsidir.

        Qulaqcığın fibrilyasiyası: bayılma kardiogen serebral emboliya,sinus düyününün A zəifliyi sindromu və ya növbələnən atrioventrikulyar blokada nəticəsində yarana bilər.

        AV-keçiricilik pozulmalarının müxtəlif dərəcələri və/və ya mədəcikdaxili keçiricilik pozulmaları (uzun PQ intervalı, mədəcikarası blokada, bi- və ya trifassikulyar blokada)

        Delta dalğa (Volf-Parknson-Uayt sindromu)

        Uzun QT intervalı

        Sol mədəciyin hipertrofiyası (SMH), köhnə miokard infarktı

    EKQ tamamilə normal olduqda, bayılmanın ürək mənşəli olma ehtimalı aşağıdır və adətən daha geniş müayinələrə ehtiyac qalmır.

Digər müayinələr

    Bayılmalı pasientlərdə qısa nevroloji müayinənin keçirilməsi vacibdir, lakin adətən, əsas və kardioloji müayinələrin yekun nəticəyə gəlməyə imkan vermədiyi hallar istisna olmaqla, daha geniş nevroloji müayinələrin aparılmasına ehtiyac qalmır.

    Əsas laborator müayinələrə ümumi qan analizi, qanda şəkərin miqdarı (hipoqlikemiyanı istisna etmək üçün) və ağız suyunda psixoaktiv maddələrin aşkarlanması üçün analiz (test-zolaqlarla), pO2 (və ya nəbz oksimetriyası), elektrolitlər, və pasientdə döş qəfəsində ağrı mövcud olduğu halda, miokard zədələnməsinin zərdab markerləri (kreatinkinaza-MB (KK-MB) və ya troponin) aiddir.

        Digər faydalı laborator müayinələrə çox zaman C-reaktiv zülal (CRZ), ağciyər arteriyası emboliyasının diaqnostikasına kömək edən D dimer və ürək çatışmazlığının diaqnostikasında istifadə edilən natriumuretik faktor daxildir.

    Simptomlar, klinik və ya elektroqrafik nəticələr əsasında zərurət yarandığı halda ambulator şəraitdə EKQ edilir. EKQ-nin Holter monitorinqi (simptomlar meydana çıxdıqda pasient tərəfindən aktivləşdirilən) bayılmaönü simptomlara səbəb olan aritmiyaları tez-tez aşkar edir

    Fiziki yükə qarşı tolerantlıq sınağı, bayılma fiziki gərginlik zamanı yarandığı halda və ürəyin işemik xəstəliyi olan pasient üçün göstərişdir.

    Qapaq disfunksiyası, miokard infarktı və ya ürək çatışmazlığına şübhə zamanı daha geniş müayinə məqsədilə exokardioqrafiya aparılmalıdır.

    Vazopressiv bayılmaya şübhə olduqda, "əyilmiş masa" ilə sınağın keçirilməsi nəzərdən keçirilməlidir. Lakin, bu çox qeyri-spesifik sınaqdır və müalicəyə təsiri zəifdir.

    İnvaziv müayinələr (angioqrafiya, elektrofizioloji tədqiqatlar) ehtiyac olması ilə bağlı qərar, anamnez və digər kardioloji müayinələrin nəticələri əsasında verilir.

    Nadir baş verən bayılma və ya digər qaranlıq hallarda implantasiya olunan ilgək registratorunun tətbiqi nəzərdən keçirilməlidir. Qurğu eynilə kardiostimulyator kimi dəri altına implantasiya edilir. Qurğu avtomatik olaraq, 3 ilə qədər müddət ərzində həm ləng, həm də sürətli ürək vurğularının sayını qeydə alır. Bundan əlavə, simptomlar meydana çıxdığı zaman qurğu pasientin özü tərəfindən aktivləşdirilə bilər.

    Pasientdə nevroloji çatışmazlıqlar müşahidə edildikdə və ya simptomlar epilepsiyaya işarə etdikdə, baş beynin KT müayinəsi, EEQ və digər spesifik nevroloji müayinələrin aparılması nəzərdən keçirilməlidir.

Müalicə

Vazovaqal reaksiya (= sadə ürəkgetmə)

    İlk yardım olaraq, pasienti ayaqları yüksəldilmiş vəziyyətdə uzadın.

    Bayılmaönü simptomlara sürətli reaksiya verilməsi: pasient prodromal simptomlar yaşadıqda, əzələlərin izometrik gərginliyi sayəsində (məs., yumruqların güclü sıxılması, sağrılar və qarnın gərginləşdirilməsi ilə bərabər aşağı ətrafların çarpazlaşdırılması və aralanması, əlləri bir-birilə sıx birləşdirilməklə yuxarı ətrafların əks tərəflərə dartılması) qan təzyiqinin artmasına nail ola və beləliklə ürəkgetmənin qarşısı alına bilər.

Ağrı, qorxu və ya həyəcan nəticəsində tək bir ürəkgetmə hadisəsi normal hal kimi dəyərləndirilir və xüsusi müalicə tələb etmir. Sonrakı epizodların qarşısının alınmasında pasientin təlimatlandırılması vacibdir:

    Lazımi miqdarda maye və duz qəbulu

    Vazodilatatorlar və sidikqovucuların istifadəsindən çəkinmək

    Qəza vəziyyətlərinə şərait yaradan hallardan yayınmaq

    Tutmanı provokasiya edən vəziyyətlərdən yayınmaq

    Ortostatik hipotenziya hallarında cəld ayağa qalxmaqdan çəkinmək

Reflekslə-əlaqəli bayılmanın profilaktikası üçün çox sayda müxtəlif dərman preparatları sınaqdan keçirilmişdir. İlkin nəticələrin müsbət olmasına baxmayaraq, onların demək olar ki, heç birinin özünü doğrultmadığı təsdiqlənib.

    Beta blokatorlar faktiki olaraq refleksi uzada və bradikardiyanı ağırlaşdıra bilər.

    Disopyramide, scopolamine, theophylline, ephedrine, etilefrine,clonidine və ya SGTSİ (serotoninin geriyə tutulmasının selektiv inhibitorları) da əhəmiyyətsizdir.

    Yalnız midodrine plasebo ilə müqayisədə daha effektli olmuşdur. Simptomlara nəzarət ilə əlaqədar həyat tərzinin dəyişməsi üzrə konsultasiyalar yetərli olmadığı halda,midodrine istifadə edilə bilər.

Ayaq üstə gündəlik fiziki hərəkətlər (“ayaq üstə vəziyyətə qarşı həssaslığın azaldılması”) simptomların tez-tez qeyd olunduğu cavan motivasiyalı pasientlərə kömək edə bilər. Digərləri üçün effekt zəifdir. Uzanmış asistoliya və AV blokada ilə assosiasiya olunmuş hallarda kardiostimulyator göstəriş ola bilər.

    Kardiostimulyator ilə müalicə, böyük ehtimalla, 40 yaşdan yuxarı pasientlərdə bayılma ağır dərəcəli kardioinhibə edən reaksiyanın nəticəsi olduğu halda daha effektlidir.

Yaşlılarda, ortostatik hipotenziya tez-tez rast gəlinən vəziyyətdir. Çox zaman belə pasientlərin yanaşı xəstəliklərlə əlaqədar aldığı müalicə diaqnozun qoyulmasını çətinləşdirir.

Bayılmanın digər formaları

    Digər hallarda, müalicə pasientin əsas xəstəliyinə qarşı yönəlir. Məsələn, pasientdə kardiostimulyator, implantasiya edilən kardioverter-defibrilyator, tac damarların revaskulyarizasiyası və qapaq cərrahiyyəsinin tətbiqi tələb oluna bilər.

Bayılma və nəqliyyat vasitələrinin idarə edilməsi

    Bayılma epizodu baş verdikdən sonra, pasientin nəqliyyat vasitələrini idarə etməsinə qadağa qoyulur. Bu qadağa müvəqqəti xarakterlidir və bayılmanın səbəbi ayırd edilənə və simptomlar nəzarət altına alınanadək davam etdirilir. Yerli qanunlara müvafiq hərəkət edin.

 

https://ebmg.az/mobile/view?id=ebm00055

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

AMÖBİAZ

AMÖBİAZ

Övrə

Övrə

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?